İçeriğe geçmek için "Enter"a basın

Deputat olmaq istəyən Elza Seyidcahana məsləhət

11-10-2015

21:59 xeber – Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın müraciətinə baxılıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüş E.Seyidcahan dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, dairə seçki komissiyası E.Seyidcahanın namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 550 imzadan 43 imza saxta hesab olunub və 180 seçici imzalarının etibarsız hesab edilməsi barədə seçicilər DSK-ya müraciət edib.

Həmçinin oxuyun: Elza Seyidcahan deputat ola bilməyəcək

İclasda qeyd olunub ki, araşdırma zamanı məlum olub ki, 180 müraciətdən yalnız 78 əsaslıdır.

Qeyd edilib ki, yerdə qalan imzalar kifayət etdiyindən E.Seyidcahanın namizədliyi qeydə alına bilər. Beləliklə, E.Seyidcahanın müraciəti təmin edilib və onun deputatlığa namizədliyi qeydə alınıb.

E.Seyidcahan isə təşəkkürün bildirərək qeyd edib ki, MSK-nın bu qərarı onun üçün vacib əhəmiyyət kəsb edir: “Məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz”.

MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana “yaradıcılıqdan uzaqlaşmayın” deyə müraciət edib. / Trend


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov

Elza Seyidcahan namizədliyinin qeydə alınmaması ilə bağlı səbəbləri açıqlamışdı.

Onun sözlərinə görə, namizədliyini irəli sürdüyü 54 saylı Şabran-Siyəzən seçki dairəsindən ona təzyiqlər olub, məcburi surətdə namizədliyini geri götümək tələb olunub:

“Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik deputat olacaq şəxslərin siyahsını da mənə göstərdilər. Dedim ki, mən bunlara inanmıram. Bu, Yeni Azərbaycan Partiyası (YAP) adına layiq olmayan, seçki qanunvericiliyinə, adına ləkə, şəffaflığına xələl gətirən mənə qarşı olan təxribatdır.


Bəstəkar-müğənni Elza Seyidcahan

Bu təxribat və təzyiqlər artıq bir neçə gündür ki, başlayıb. Mənə inadla təklif edirdilər ki, namizədliyimi geri götürüm. Hətta, seçicilərimlə görüşmək üçün Siyəzənə gedəndə insanlar gəlib mənə sual verirdilər: “Elza xanım, niyə namizədliynizi geri götürdünüz?”

Bu işdə mənə, xüsusilə, 6 nəfər kişi təzyiq edirdi. Onlar icra aparatının nümayəndələri idi. Əgər oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa, onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəm.”

Həmçinin oxuyun: Seyidcahandan şok iddia:”Deputatlar artıq təyin olunub”

54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov müğənninin sözügedən dairə ilə bağlı səsləndirdiyi ittihamlara belə cavab verib: “Elza Seyidcahana bizim dairədən heç bir təzyiq olmayıb. Ona təzyiqlər başqa yerlərdəndir”.

Onun sözlərinə görə, artıq Elza Seyidcahanla bağlı məsələlərdən yorulub: “Mən istəmirəm ki, adım bu qədər hallansın. Bu məsələ haqda danışmaq istəmirəm. Ona təzyiqlər başqa ünvandandır. Bunlardan isə xəbərim yoxdur. Sənədlərini araşdırarkən uyğunsuzluqlar müşahidə edildi, namizədliyi də ona görə qeydə alınmadı”.

mənbə :
anspress

Deputat olmaq isteyen Elza Seyidcahana meslehet