23:45 xeber – Beynəlxalq Qeyri-Hökumət Təşkilatı “Amnesty International” Azərbaycanla bağlı tənqidi material yayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təşkilatın saytında yerləşdirilən yazıda Azərbaycanda söz azadlığının olmamasından, insan haqlarının müdafiəsi təşkilatlarının ölkədəki fəaliyyətinin məhdudlaşdırılmasından bəhs edilib.
“Ölkədəki tənqidi fikirli səslərin susdurulmasından başqa, hökumət beynəlxalq insan haqları təşkilatlarının üzünə də qapılarını bağlayıb”, – deyə yazan müəllif “Amnesty International”ın əməkdaşının Azərbaycana bu səbəbdən buraxılmadığını iddia edib.
Göründüyü kimi, hər zaman olduğu kimi bu dəfə də beynəlxalq təşkilatların diqqəti Azərbaycana lazım olnadan çox dikilib. Halbuki, ölkənin yerləşdiyi regionda insan haqlarının daha pis vəziyyətdə olduğu dövlətlər var. Məsələn, Ermənistanda hakimiyyətin fiziki zorakılığına məruz qalan insanların, ölkəyə buraxılmayan beynəlxalq müşahidəçilərin bu təşkilatların dəstəyinə daha çox ehtiyacı var.
Bu yaxınlarda Ermənistan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Robert Uolteri işğal etdiyi Qarabağ ərazisinə buraxmamışdı. Səbəb olaraq isə onun “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı hesabatı göstərilmişdi.
Hərçənd ki, öz demokratikliyi, söz və fikir azadlığı ilə az qala Ermənistandan da üstün olduğunu iddia edən qondarma Dağlıq Qarabağ Respublikası Robert Uolterin Qarabağda müşahidə aparmasında maraqlı olmalı idi. Çünki bu yolla həmin hesabatın yalan olduğunu sübut edə bilərdi.
Robert Uolter – AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi
Bununla bağlı amerikalı diplomat Metyu Brayza da öz fikrini bildirmişdi. “Mənim fikrimcə, işğal olunmuş Dağlıq Qarabağa nəzarət edənlərin Robert Uolter kimi dünyaca məşhur bir insanın regiona səfər etməsinə icazə verməməsi çox qəribədir. Hərçənd ki, belə bir mütəxəssisin hesabatını dinləmək bütün tərəflərin marağında olmalı idi”, – deyə diplomat qondarma respublikanın qərarını şərh edib.
Onu da deyək ki, bir sıra beynəlxalq təşkilatlar kimi “Amnesty International” da Azərbaycan haqqında zaman-zaman tənqidi məruzələr, hesabatlar təqdim edir və hər zaman səbəb olaraq ölkədə insan haqlarının pozulmasını, siyasi məhbusları göstərir. Hər halda, başqa bir səbəb tapmaq mümkün olmur.
Lakin beynəlxalq təşkilatlar Ermənistanda son bir neçə ayda baş verən hadisələri görməzdən gəlirlər. Məsələn, ötən ay – sentyabrın 21-də Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyaları zamanı etirazçılara qarşı güc tətbiq etmişdi. Bir neçə nəfər etirazçı Smbat Hakobyanı kənara – tikinti sahəsinə apararaq döymüşdü. Fəallardan biri onu mitinq keçirilən yerin yaxınlığında qana boyanmış halda tapmışdı.
Smbat Hakobyan – döyülən erməni etirazçı
Xəstəxanada onun başına və üzünə zərbələr vurulduğu, qabırğalarının sındırıldığı və ciyərlərinin zədələndiyi müəyyən edilmişdi. Smbat Hakobyana kömək edən qadın isə təhlükəsizliyi üçün qorxduğu üçün adının açıqlamamışdı.
Bütün bunlar qonşu ölkədə söz və fikir azadlığının hansı səviyyədə olduğunu göstərsə də, nədənsə, bütün beynəlxalq təşkilatlar yalnız Azərbaycan üçün “narahat olur”.
mənbə :
anspress