İçeriğe geçmek için "Enter"a basın

Eyyub Hüseynov: “Bakıda küçələrə səpilməli olan duzu yodlaşdırılmış duz adı ilə satırlar”

08-10-2015


08.10.2015 / 20:11 xeber –

…“Marketlərdə Vyetnamdan gətirilən balıqlarla bağlı hər gün şikayətlər olur”.

…“Yerli mallar uzaq məsafəyə daşınmadığından az kimyalaşmış və nisbətən ekoloji təmizdir”.

…“Məhsulun saxlanma müddəti nə qədər uzundursa, insan ömrünü o qədər çox qısaldır”.

…“Məhsulun üstündəki yararlılıq müddəti yarıdan keçibsə, belə məhsulu almayın”.

…“Mağazaların diabet bölmələrində şəkər xəstələri üçün zərərli məhsullar satılır”.

…“Küçələrə səpilmək üçün nəzərdə tutulan duz yodlaşdırılmış duz adı ilə satılır”.

…“Bal yarmarkasında yaxşı balları ekspertizaya göndərirlər”.

…“Məktəb bufetlərində vaxtı keçmiş mallar satılır, kassa çekləri verilmir”.

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

 

Keyfiyyətsiz qida probleminin bütün dünya ölkələrində problem olduğunu bildirən qonaq Azərbaycanda qida məhsullarının keyfiyyətinə bir çox hallarda etibar etməyin mümkün olduğunu deyib: “Təəssüf ki, bizdə də biznes etikasını pozan, bəzən bilərək və ya bilməyərək saxta, standartlara uyğun olmayan, kustar yolla hazırlanmış, insan həyatı üçün arzuolunmaz mallar satan biznes qurumları var. Əhalinin supermarketlərdən, soyuducu ilə yaxşı təsis olunmuş yerlərdən alış-veriş etməsi yaxşı haldır, bükülmüş şəkildə almaları yaxşıdır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün mallar bükülmüş şəkildə satılmalıdır və onların üzərində istehsal tarixi, yararlılıq müddəti olmalıdır.  Lakin müasir supermarketlərdə bəzən konfetlər açıq şəkildə satılır, bizə gələn şikayətlərin tədqiqatı göstərir ki, həmin konfetlərin arasında bəzən qurdlamış konfetlər çıxır. Açıq şəkildə satılan bu konfetlərin istehsal tarixi və yararlılıq müddəti barədə heç bir məlumat olmur, bəzi hallarda istehlakçılara köhnəlmiş konfetlər satılır”.

 

Eyyub Hüseynov market müştərilərinin kart alarkən  doldurduqları anketlərdə məhsulun yalnız qablaşdırılma şəkli pozulmadan geri qaytarılmasının şərt kimi qoyulmasını qanun pozuyntusu olduğunu deyib: “Alıcı məhsulu açmadan, yoxlamadan onun köhnəlmiş olduğunu bilməz, ona görə də qanuna görə məhsulu istifadə edib qaytarmamaq kimi qanunun qoyulması doğru deyil, əgər kassa çeki varsa, məhsul qaytarıla və dəyişdirilə bilər”.

 

Qonaq xaricdən idxal olunan balıq və toyuq məhsullarının keyfiyyəti probleminə də toxunub: “Balıq bazarında böyük problemlər yaşanılır. Hər gün Vyetnamdan gətirilən balıqlarla bağlı şikayətlər alırıq. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəal iş aparır, istehlakçılara yüz minlərlə sms-lər göndərirlər, onları maarifləndirilər. Quş əti bazarında da vəziyyət o qədər ürəkaçan deyil, lakin bütün hallarda istehlakçılar yerli mallara üstünlük verməlidirlər. Yerli mal az kimyalaşmış mallardır, çünki yerli malları uzaq əraziyə aparmaq və onu uzun müddət saxlamaq üçün içərisinə kimyəvi maddə qatmağa ehtiyac yoxdur. Yerli mallar bütün hallarda  nisbətən ekoloji təmizdir”.

 

Eyyub Hüseynov məhsulların yararlılıq müddəti ilə insan orqanizminə mənfi təsiri arasında əlaqədən danışıb: “6 ay yararlılıq müddəti olan xamalar xammalının maya dəyəri çox aşağı olan maddədən hazırlanır. Hansı malın ömrü uzundursa, o malı uzunömürlü edən kimyəvi maddələr insanın ömrünü qısaldır. Aylarla yararlılıq müddəti olan süd məhsulları və ya üzərinə müddətsiz yazılmış spirtli içkilər, şərablar var. Bu, mümkün deyil, şərabların yararlılıq müddəti 6 aydan, araqların  1 ildən, konyakların isə  3 ildən çox deyil çox deyil. Alıcılar bilməlidirlər ki, marketlərdə yaxşı və təzə məhsullar arxa cərgəyə qoyulur. Məhsulun üzərində yararlılıq müddəti yazılan kağızlar qopub yapışdırılan kağızlardırsa, belə malları almaqdan imtina etmək lazımdır. Bəzən hətta yaralılıq müddəti yazılan qapaqlar da dəyişdirilir”.

 

Ekspert keyfiyyətsiz məhsula görə istehsalçının yox, satıcının günahkar olduğunu deyib: “Mərkəzi Avropa ölkələrində  “Alda” adlanan mağazalar şəbəkəsi var, burada yararlılıq müddəti yarıya çatan mallar xeyli ucuz qiymətə satılır. Ancaq bu mağazalarda birmənalı şəkildə yararlılıq müddəti keçmiş mal satılmır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə də bizdə də vaxtı keçmiş malların satışı qadağandır, istehlakçıların hüquqlarının qorunması haqqında qanunda buna görə cavabdeh şəxs satıcıdır. Əgər vətəndaşa vaxtı keçmiş, standartlara uyğun olmayan mal satılarsa, ən böyük super marketlərdə belə  bir mal üçün 1500 manata qədər cərimə gözləyir, təkrara olunarsa daha yuxarı cərimələr tətbiq oluna bilər. Satıcı və alıcılar diqqətli olmalıdır”.

 

Qonaq yumurtaların üstündə müddəti göstərən möhürün olmamasına münasibət bildirib: “Diyetik, yəni ən təzə yumurtaların 7 gün yaralılıq müddəti var, müəyyən uyğun temperaturda bu yumurtalar 1 aya qədər saxlanıla bilər. Yumurtanın üstündə istifadə müddətinin yazılması heç də həmişə yumurtanın təzə olduğunu sübut etmir. Məsləhət görürəm ki, yumurta alanda mütləq silkələsinlər, əgər yumurtanın sarısı hərəkət edirsə, belə yumurtanı almasınlar. Yumurta  qaldıqca qabığın altında hava boşluğu əmələ gəlir. Təzə yumurtada bu olmur. Ümumiyyətlə, əgər məhsulun yararlılıq müddəti yarıdan keçibsə, belə məhsulu almamağı məsləhət görürəm”.

 

AİİB sədri mağazaların diabet bölmələrində satılan məhsulların tərkibinin pəhrizə uyğun olmadığın deyib: “Bizim apardığımız laborator təcrübələr nəticəsində məlum olub ki, həmin diabet bölmələrində diabetə zərərli olan məhsullar satılır. Konkret olaraq “Sladkiy saxar” adlanan malın yararsızlığı barədə rəsmi sənəd də almışıq. Düşünürəm ki, bir ay ərzində həmin rəflər təmizlənəcək”.

 

Eyyub Hüseynov mağazalarda həmçinin yodlaşdırılmış duz adı ilə texniki duzun satıldığını deyib: “Ölkədə yodsuz duzun satışı qadağandır, hətta qanuna görə heyvanlara yem məqsədilə verilməsi də qadağandır. Lakin supermarketlərdə bu cür yodsuz duzlar satılır. Bu duzlar Şəki, Gəncə, Daşkəsəndə çox yayılıbdır. Əhali alarkən buraxılma tarixi və yaralılıq müddətinə diqqət yetirsin, əsl duzda bu yazılar döymə üsulu ilə vurulub, kustar üsullarla hazırlanan duzlarda isə adi yazı ilə yazılıb. Eyni zamandabal alanda da diqqətli olmaq lazımdır. Təmiz bal otaq şəraitində bir il müddətində mütləq xarlamalıdır. Bal yarmarkalarında satılan ballar yoxlamadan keçir, amma yoxlamaya yaxşı bal verilər, satılan bütün balları bir-bir yoxlamaq mümkün deyil”.

 

Qonaq məktəb bufetlərində də satılan məhsulların keyfiyyətsiz olduğunu, uşaqlara çek verilməməsinin qanun pozuntusu olduğunu deyib: “Biz məktəb bufetləri ilə bağlı regionlarda monitorinqlər aparmışıq. İki il öncə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün  standartları müəyyənləşdirib, qazlı, enerji verən  içkilərin, kolbasaların satışı qadağan olunub. Lakin hələ də məktəb bufetlərində problemlər yaşanır, vaxtı keçmiş malların satışına rast gəlirik. Ciddi problemlərdən biri də bu bufetlərdə kassa çekinin olmamasıdır”.

mənbə :
lent.az

Eyyub Hüseynov: “Bakıda küçelere sepilmeli olan duzu yodlaşdırılmış duz adı ile satırlar”