İçeriğe geçmek için "Enter"a basın

“16 yaşımdan heç kimə hesab vermirəm” - PEŞƏ ADAMININ BİR GÜNÜ

08-10-2015


08.10.2015 / 13:01 xeber –

Rəssam Ellada İsmayılova: “Ola bilsin ki, səhərdən axşama qədər heç kim bilməsin mən hardayam”

 

“Qalereyada 2-3 alverçi var, heç bir rəssamla müqavilə bağlanmır ki, rəssam rahatlasın, bilsin aylıq gəliri var, iki ay sonra sərgi üçün hazırlaşsın”

 

 

Bu dəfə də rəssam Ellada xanımın emalatxanasındayıq. Mən və fotoqrafımız Ramillə. Digər müsahibələrdən fərqli olaraq, bu dəfə ilk sualı Ramil verir. Ətrafa, rəsmlərə diqqətlə baxır və…

 

– Bu yaşdan sonra rəssam ola bilərəm?

 

– 52 yaşında da tələbəm var.

 

– Uşaqlıqdan əcaib dovşan şəkli çəkə bilirəm. Başqa heç nə çəkə bilmirəm.

 

Gülürük. Bundan sonra Ramil fotoaparatını işə salır və biz müsahibəmizə başlayırıq. Əvvəlcə müsahibimiz haqqında qısa avtobioqrafik məlumat verək.

 

 

Ellada İsmayılova Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində rəngkarlıq üzrə bir il oxuduqdan sonra 1997-ci ildə təhsilini yarımçıq qoyub sənədlərini o vaxtkı İncəsənət Universitetinə (indiki Rəssamlıq Akademiyası) verir. 2002-ci ildə həmin universiteti magistr pilləsi üzrə bitirir.

 

 

– Atam hərbçidir. Özü də çox ağır xarakteri var. Hər şeyə qadağa qoyurdu. Əgər sənin ətrafında rəngkar biri yoxdursa, onun sənin haqqında təsəvvürü başqa olur. Əvvəllər “passaj” vardı. Rəssamlar “passaj”da oturardı. İnsanların rəssamlar haqda o “passaj”dan başqa fikirləri yox idi. Fikirləşdim, atam məni qoymayacaq “passaj”da durmağa. Ona görə də reklam üzrə rəssamlığı (sənaye qrafikası) seçdim.

 

 

Akademiyanı bitirəndən sonra 8 ilə yaxın reklam agentliyində işləyir. Art direktor, kreativ direktor, şöbə müdiri.

 

– Sonra həyat yoldaşım reklam şirkəti qurdu. Başladıq bərabər işləməyə. Bir də baxdım ki, getmir. Mütəmadi reklam üçün çəkirdim. Amma materialla işləmək başqadır. Dörd ilə yaxındır reklam işini tamam buraxmışam.

 

 

Başlayır rəngkarlıq etməyə.

 

 

– İşim güllər, qadınlar və uşaqlarladır. Onları çəkməyi çox sevirəm. Peyzaj da çəkirəm, amma qalmır. Satışa qoyan kimi dərhal satılır. Hazırda zanbaq çəkirəm.

 

Divara söykədiyi ağ zanbaqları göstərir.

 

 

– Bundan fərqli olaraq iki zanbaq daha olacaq. Qırmızı və ağ. Bunu daha çox interyer üçün sifariş verirlər.

 

– Alıcılıq necədir, qiymətlər sizi qane edir?

 

 

– Yaxşıdır. Mənə qalsa, işlərimi satmaram. Heç bir pul mənə o ləzzəti vermir. Məsələn, bu şəkli satmıram.

 

Qarşımızdakı divardan asılmış qadın tablosunu göstərir.

 

– O Marqodu. Qaraçı qızı. Xarici ölkələrdə də sərgiyə göndərəndə alıcısı çox olur. Amma satmıram.

 

– Niyə?

 

– Çox əzizdir. Yaralı barmaq əziz olan kimi, bu iş də mənə əzizdir. Əslində çox zay bir iş idi. Altında üç dənə başqa iş var. Üstündə işlədim, bu alındı. Müştərisi daima var. Nə vaxt olsa, satılacaq. Qoy, hələ qalsın. Satmağa tələsmirəm. Sərgiyə qoyanda baxıram qarşısında çox adam dayanır, “selfie” çəkdirir, “Facebook”da profil şəkli edir. Bu da məndə əminlik yaradır. Özümə də xoşdur ona baxmaq. Məsələn, çox sevdiyiniz evi satmazsınız. Rəssamlar da elədi. Bir şeyə qarşı emosiyası varsa, onu satmaz. Hələ elə işlərim var, ümumiyyətlə, göstərmirəm.

 

– Eviniz necədir, ancaq öz tablolarınızla bəzəmisiniz?

 

– (Gülür) Hə. Əvvəllər alırdım.

 

 

Və arxaya çönüb mətbəxə işarə edir.

 

– Orda bir balaca iş var. 2002-ci ildə almışdım. O qədər sevirdim ki, qonaq otağımdan asmışdım. İndi baxıram, heç nədir. Artıq mətbəxə gedib çıxıb. Bir az da keçsə, pəncərədən küçəyə düşəcək (gülür).

 

– Yaradıcılığını bəyəndiyiniz yerli rəssamlar var?

 

– Kamil Nəcəfzadə. Müəllimim olub. Ötən il rəhmətə getdi. İşləri çox gözəldir. Əsasən kino rəssamı idi. Hissiyyatı və onu ötürmə qabiliyyəti çox güclü idi. Rəssamlar var, işi-gücü rol oynamaqdır. Ya paltarı cırıqdır, sarı buruq, ya üst-başı boyalı olur, boynunda “kosinka”sı. Rol oynamayan adamları sevirəm. Adam bacarır, rəssamdır, sadədir. Sakit Məmmədov kimi. Tanıyırsınız?

 

Ramil məni qabaqlayır.

 

– Yasamalda qalereyası var. Olmuşam orda.

 

– Bəs gənclərdən?

 

– Aqşin var. Turan Muxtarzadə. Bənzərsiz rəssamdır. O cür rəssam Avropada, Amerikada yoxdu. Bəlkə Rusiyada ola. Hissiyyat qüvvəti 20-ci əsr imperialist fransızlar qədər güclüdür. Adam iş görəndə işə hissiyyatını verir. Biri də var, bilərkən hissiyyatı qatırsa, o gözəl olur. Elə işlərin qiyməti yüksək olur. Sakit müəllim işlərini otuz minə, əlli minə, üç yüz min avroya satır. Papanın portretiydi. Dövlət sifarişli möhtəşəm işiydi.

 

 

– Fərdi sərginiz olub?

 

– 1996-97-ci ildən bəri sərgilərdə iştirak edirəm. İndiyə qədər fərdi sərgi etməmişəm. Hesabat sərgisi xoşuma gəlmir. Mən on ildir işləyirəm, bu qədər iş çəkmişəm. Hesabat sərgisinə xeyli vaxt ayırmaq, hazırlaşmaq lazımdır. İyirmi-otuz yaxşı iş işləmək lazımdır. Yaxşı iş də hər dəfə alınmır. 2-3 aydan bir sərgilər olur. Yaxşı iş olanda da verirsən sərgiyə, dərhal satılır. Pul məsələsi elə cəlbedicidir ki, alan olanda 2-3 dəfə fikirləşirsən, dördüncü dəfə satırsan. Yaxşı iş qalmır. Bizdə hərrac, art dillerlər yoxdur. Xüsusən rəsm alveri ilə məşğul olan adamlar yoxdur. Qalereyalar heç bir rəssamla müqavilə bağlamır ki, rəssam rahatlasın, bilsin aylıq gəliri var, iki ay sonra sərgi üçün hazırlaşsın, sərgidə əsərləri satılacaq və ondan gələn pulla davam edəcək. Qalereyada 2-3 alverçi var. Ona aparıb iş verərsən, ucuz alacaq və heç bilmirsən kimə satacaq. Ona görə də qalereyaya iş vermək istəmirəm.

 

– Yəni sizin üçün alıcının kimliyi önəmlidir.

 

 

– Hə. Bilirsiniz, iş ardınca iş gətirməlidir. Bunun biznes tərəfi də var. Kimsə mənim yaxşı işimi aparıb bağda asacaqsa, mən ona satmıram. 4-5 işim qalereyadan gedib, heç görməmişəm alıcını. Hələ də fikirləşirəm ki, görəsən, iş hardadır?

 

– Gözünüz axtarır?

 

 

– Yox, bilirəm ki, yığırlar anbara. Ya sıxışdırıb hansısa işin arasında verirlər, ya xaricə aparıb, öz adını yazırlar.

 

– Öz adı?

 

– Hə. Çünki ölkədən onları çıxartmaq çətindir. Getməlidir İncəsənət Muzeyinə müəyyən qədər məbləğ ödəyib icazə almalıdır, müəllif etibarnamə yazmalıdır. Sonra hava limanında müəyyən proseduradan keçməlidir. Ona görə də çox vaxt adsız satmalı olursan. İmza istəmir. Məsəlçün, Səttar Bəhlulzadənin milyon dənə “kopya” işi var. Burdan adsız gedir, Türkiyədə, orda-burda Səttar Bəhlulzadənin imzasını yazırlar. Ölkədən onu 15 manata çıxarıb, xaricdə orijinal adıyla baha satırlar.

 

Danışa-danışa arxa otağa – emalatxanaya keçirik. Ellada xanım burada rəsmlərinin tamamlama işlərini görür.

Molberti dikəldib yarım qalmış işini davam etdirir. Qucağında ördək balası olan balaca oğlan rəsmidir. Deyir, yol kənarında görüb bu uşağı. Bir küncə sıxılıb dayanıbmış.

 

– Üzündə qorxu var idi. Ördəyini bağrına basıb dayanmışdı. Başını qaldırıb heç kimə baxmırdı ki, kimsə varlığını fərq etməsin. Ya ördəyinin satılmağından, ya da kəsilməyindən qorxurdu.

 

 

– Rəsmlərinizdəki üzlər xəyalidir, yoxsa?

 

 

– Qucağında uşaq olan qadın balaca bacımdır. Qarpız yeyən uşaq isə böyük oğlum. Natura tapmaq problemi var. Adam istəyir gözəl natura tapsın. O da hər dəqiqə olmur. Bir də xarakter məsələsi var. Hər adamı çəkmək olmur. Çox gözəl naturaçımız var, həddindən artıq gözəldir, fakturası çox gözəldir. Amma aurası pisdir. Qadınla eyni otaqda iki saatdan artıq qalmaq olmur. Adamı sıxır.

 

 

 

Palitraya bir-bir rənglərdən sıxır. Fırçanı alır əlinə və başlayır işləməyə. Sarını göyə qatır, göyü narıncıya. İşləyə-işləyə söhbətimizə davam edirik.

 

 

– Mənim auram necədir?

 

 

– Hələ danışırıq. Gedir hələ ki. (gülür).

 

 

 – Hazır işlərin içində bir neçə nü (çılpaq) rəsm var. Çılpaq naturaçı tapmaq çətin olmur ki?

 

 

– Universitetdə çoxdur eləsi.

 

 

Rəsmlərin arxasından yaşlı qadın nüsünü irəli çıxarır.

 

 

– Bu qadının əlliyə yaxın yaşı var. Bədəninin təravəti itməyib. Kişi rəssamların da yetərincə fiquru var. Amma qadınlar qadın rəssama daha çox etibar edirlər.

 

 

– Bəs kişi fiqur?

 

 

– Kişi naturası çəkmək qadın naturasından daha asandı. Bədən Tərbiyəsi və İdman Akademiyasında naturaçı oğlanlar var. Normal da sərgiləyirlər özlərini.

 

 

– Yoldaşınız qısqanmır ki?

 

 

– Axır vaxtlar, ümumiyyətlə, kişi çəkmirəm. Çəksəm də problem olmaz. Dünyəvi adamdır. Özü də yaradıcı işlə məşğuldur. Reklam yazarıdır. Münasibətləri “primitiv”ləşdirmək olmaz. Yaradıcı adamam. Ola bilsin ki, səhərdən axşama qədər heç kim bilməsin mən hardayam. Standart ailəli qadın gündə on dəfə yoldaşına “sms” göndərir ki, “evdən çıxdım”, “avtobusa mindim”, “filan yerə çatdım”. “Çatdım”lar qurtarmır. Mənim həyatımda “çatdım” yoxdur. On altı yaşımdan heç kimə hesab vermirəm.

 

 

-İndiyə qədər neçə əsər çəkmisiniz?

 

– Təqribi deyə bilərəm. Atılmış, paylanmışları hesaba qatmasaq, 60-70 iş. Elə iş var, ikinci-üçüncü seansdan sonra getmir. Ləzzəti gəlmir. Üstünə ayrı iş işləyirsən.

 

 

Əslində işləyərkən dindirilməsindən heç xoşu gəlmir. Diqqəti yayınır. Elə indi də tez-tez əlini saxlayır, sözü deyir və işinə davam edir. Söhbət əsnasında Gəncə şəhərində doğulduğumu bilir.

 

 

– Gəncənin çox güclü rəssamlıq məktəbi var. Oturuşmuş əhali sənətkarlıq barədə çox məhsuldar olur. Şəkinin özündə də. Tək rəssamlıqda deyil. Məsələn, Qubanın xalçaçılıq məktəbi güclüdür. Amma Qazaxdan rəssam çıxdığını eşitməmişəm. Şair, yazıçı çoxdur. Onlar daha çox elat adamıdır. Köçəri. Etüd, peysaj çəkirsənsə, əvvəl-axır emalatxanada oturub işləməlisən.

 

 

– İşləyərkən musiqi dinləyirsiniz?

 

 

– Mütləq. Caz dinləyirəm. Əhval yaradır, yorulmağa qoymur. “Mahnı oxudum yaxşı yemək bişirdim”, söhbəti evdar qadınların uydurmasıdır. Belə şey yoxdur.

 

 

 

Rəssamımız fırçanı əlində sağa-sola oynatdıqca, həvəsə gəlirəm.

 

 

 

– Uşaqlıqdan rəssamlığa böyük həvəsim vardı. Atam qoymadı. Əmim rəssam olub. Əmimin həyatındakı uğursuzluğu rəssamlıqla əlaqələndirirdi. Elə bilirdi, mən də rəssam olsam, həyatım uğursuz olacaq. Amma çox istəyərdim rəssam olam.

 

– Bəlkə özünü sınayasan?

 

 

– Olar?

 

– Əlbəttə.

 

Və palitranı əlimə alıb həyatımda ilk dəfə molbertin qarşısına keçirəm. Sağ əlimdə fırça dayanıb nə çəkəcəyimi düşünürəm.

mənbə :
lent.az

“16 yaşımdan heç kime hesab vermirem” – PEŞƏ ADAMININ BİR GÜNÜ