İçeriğe geçmek için "Enter"a basın

Moskva Şəhər Dumasında azərbaycanlı rəssamın sərgisi açılıb

30-09-2019

[r32]

30 Sentyabr, 2019  22:15 xeber – Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgidə rəssamın Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkdiyi peyzajlar, natürmortlar, portretlər toplanıb.

“Biz bilirik ki, narın ilin günləri qədər – 360 dənəsi var. Qoy hər günümüzü bu gün Moskva Şəhər Dumasını bəzəyən sənət əsərləri bəzəsin”, – deyə sərginin açılışında çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov bildirib. A.Şapoşnikov vurğulayıb ki, Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələri birləşdirir və münasibətlər bundan sonra da möhkəmlənəcək.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ə.Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev muzeyinin yandığını və rəsmlərin məhv olduğunu vurğulayıb: “Lakin o, ruhdan düşməyib, işləyir və yeni əsərlər yaradır. Sərgidə gördüyünüz rəsmlərdə Vətən həsrəti hiss olunur. Ə.Məmmədov doğma Vətəni Azərbaycanı, Qarabağı heç zaman yaddan çıxarmır”.

Mərasimdə çıxış edən tarix elmləri namizədi Manaf Ağayev, Rusiyanın Əməkdar rəssamı Pavel Boyko, şair Sultan Mərzili, “Dirçəliş və Ümid” Xeyriyyə Fondunun rəhbəri İrina Boqaçyova rəssamın yaradıcılığından söhbət açıblar.

Ə.Məmmədov sərginin təşkilinə görə Moskva Şəhər Dumasına təşəkkürünü bildirib. O, qeyd edib ki, sərgidə təqdim olunan əsərlərin əksəriyyəti Azərbaycana həsr olunub: “Mənim 50 illik yaradıcılıq yolumun başlıca ilham mənbəyi Azərbaycandır. Yaratmaq əzmini və gücünü də məhz Vətənimdən alıram”.

Sərgi oktyabrın 11-dək davam edəcək.



mənbə :
Report.az

Moskva Seher Dumasinda azerbaycanli ressamin sergisi acilib