İçeriğe geçmek için "Enter"a basın

Ofeliya Sənaninin səsi...

23-09-2015


23.09.2015 / 09:24 xeber –

Qəşəm Nəcəfzadə

O gün ANS-də Elgizin verilişinə xalq artisti Ofeliya Sənani zəng eləyib dedi ki, aidiyyatı orqanlara deyin və xahiş edin ki, 95 saylı marşrutu ləğv eləməsinlər, mən Azərbaycan televiziyasına onunla gedirəm. Ayaqlarım ağrıyır, piyada gedə bilmirəm.

 

Bu zəngə ürəyim ağrıdı və birdən-birə hiss etdim ki, diktor peşəsindən etibarsız peşə yoxdur. Hər şeyi təkrar göstərmək olar, amma xəbərlər proqramını yox. Oxunur və gedir. Sonra mətn yazılan kağızlar saralır, toz basır, hətta yaddaşlar da qalmır. Sonra onları yandırırlar bəlkə. Beləcə səslər də yanır.

 

Qəribə həyatdır diktor həyatı. Özü də həyatda diktorlar çox dəqiq olurlar. Çünki onlar əllərinə verilən hazır materialları oxumağa vərdiş etdiklərindən ömür boyu həyat yolundan bir santimetr kənara çıxa bilmirlər. Elə həmişə yerlərindəcə sayırlar. Amma dəqiq olurlar. Elə bil dayandıqları yerdə hardansa gələcək marşrutu gözləyirlər. Marşrut da yoxdur, yox.

 

Sanki Ofeliya Sənaninin zəngi lap uzaqdan gəlirdi, 70-ci illərdən, ayaq açırdı, yol gəlirdi . Səs qocalmışdı. Vaxtı ilə televiziya ekranlarında seyr etdiyimiz şux qamətli sevimli diktorumuzu hardan görə bilərik? Əlbəttə, bu, çox çətin. Onun üçün bir şərait yox. Bəlkə kadr arxasında çalışan, hamı üçün adi olan Ofeliyanın səsi etdiyi zənglə “mən hələ varam, yaşayıram” deyirdi? “Mən burdayam” qışqırırdı?…

 

Ofeliya xanım xalqımızın elə böyük sənətkarıdır ki, mənim fikrimcə, o gedən yolları nəinki asfaltlamaq, hətta kənarlarına gül də əkmək olar. Nəinki işlədiyi ünvana bir marşrut, lap üçünü də işlətmək olar. Hanı, heç onun bir arzusunu yerinə yetirə bilirikmi?

 

Ofeliya Sənanı, Rafiq Hüseynov, Roza Tağıyeva, Şərqiyyə Hüseynova… və neçə-neçə xalq artisti adına layiq görülmüş diktorlarımız indi hardadılar? Gözlərimiz həmişə onları axtarır. Onların verilişlərinin təkrarı olmur. Amma səslər ölmür, yaşayır qulaqlarımızda. Onların səhnə, geyim, danışıq mədəniyyəti televiziya məkanının qızıl fondudur. Bəs bu fonddan necə bəhrələnmək olar, onların təcrübəsini gənçlərə necə öyrətmək olar? Niyə bu barədə düşünən  yoxdur? Xalqımızın göz yaddaşı nə vaxta qədər onları axtaracaq? Onlar nə vaxta qədər arxa planda görünməz olacaqlar? Bəlkə orta və ali məktəblərdə onlardan müəllim kimi istifadə etmək olar? Onların səs texnikasını, intonasiyasını gənclərə öyrətmək olar.

 

Deyirəm, televiziya nə qədər amansızdır. Diktorlar qocalırsa, işdən çıxarılır, bir daha görünməz olur və verilişləri də təkrar göstərilmir. Özlərini isə elə bil Sibirə sürgün edirlər. Bir daha gözə dəymirlər.

 

Vaxt vardı, onların rəvan səsi könlümüzü oxşayırdı. Dünyanı onların təbəssümü ilə qavrayırdıq. Aydın intonasiya, yumşaq səs ruhumuza güc verirdi. Onların zamanında televiziyaların reytinq davası yox idi. Dünyamız bahar donunda idi. Onlar qışqırmırdılar, sakit-sakit oxuyurdular. Nə olsun ki, onların öz mətni, nitqi yox idi, nə olsun ki, onların mətnlərinin başqaları yazmışdı, amma o mətni ayağa qaldıran səsləri varıydı. Bəs hanı o səslər? Bəlkə o səslər üçün daha mətn yoxdur. Bəlkə onların öz haqlarını tələb edən mübarizə mətnləri yazılmalıdı, onlar danışa bilsinlər.

 

O gün Ofeliya Sənaninin səsi gəlirdi…

 

 

 

mənbə :
lent.az

Ofeliya Senaninin sesi…