İçeriğe geçmek için "Enter"a basın

Mingəçevirdə Baş leytenant Şahlar Şahlarzadə həbs olunub

24-08-2015

basleytenant
Azadliq.az xəbər verir ki, Mingəçevirdə 27 yaşlı kişinin polis bölməsində ölümünə görə işdən çıxarılan baş leytenant Şahlar Şahlarzadə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib, Baş Prokurorluq BBC Azərbaycancaya bildirib.
Prokurorluğun sözçüsü Eldar Sultanov qeyd edib ki, Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə özünü öldürmə həddinə çatdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham edilir.

20 avqustda 27 yaşlı Bəhruz Hacıyev narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində polis bölməsinə aparılıb. Daha sonra polis şübhəli şəxs qismində saxlanılmış gəncin 3-cü mərtəbədən özünü yerə ataraq intihar etdiyini bildirilib. Mərhumun yaxınları isə ölümə görə polisin məsuliyyət daşıdığını deyirlər.

DİN və Baş Prokurorluğun şənbə günü yaydığı məlumatına əsasən Şahlar Şahlarzadə, Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etmədiyinə və sayıqlığını itirdiyinə görə vəzifədən xaric olunub.

Mingəçevir şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlova isə “şiddətli töhmət” elan olunub, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanılıb və istintaq aparılır.

Qurumlar bildirib ki, hadisə ilə bağlı istintaqın gedişi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və ona mütəmadi məruzə olunur.

Mingəçevirdə Baş leytenant Şahlar Şahlarzadə həbs olunub