İçeriğe geçmek için "Enter"a basın

Dərman "ucuzlaşması" kimə xidmət edir

31-07-2015

20:38 xeber – Tarif Şurasının aptekdə satış qiymətini məcburi endirdiyi dərmanlar sırasında ən böyük ucuzlaşma antibiotiklərin payına düşür. Azadlıq.az xəbər verir ki, anspress-in araşdırmasına görə, antibiotiklər orta hesabla 5 dəfə ucuzlaşıb. Məsələn, 50 milliqram/millilitr tərkibli 2 millilitrlik bir ampulu 3,45 manata satılan Azərbaycan istehsalı “Azikasin”in qiyməti 0,68 manata salınıb. 2 millitlik ampulalardan götürdükdə, hər ampulanın qiyməti təxminən 14 qəpikdən 3 qəpiyə salınıb. Təsiredici maddəsi “Amkasin” olan “Azikasin”in 250 milliqram/millilitr tərkibli ampulları isə 6,4 manatdan 2,09 manata salınıb, yəni 3 dəfədən çox ucuzlaşma qeydə alınıb.


Tarif Şurasının qərarından sonra bəzi dərmanların qiymətində yaranacaq fərq

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Tarif Şurası sentyabrın 15-dən tətbiq ediləcək bu qiymətləri beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsulu olan referans qiymət yanaşması metodu ilə müəyyən edib. Metoda görə, 10 istinad ölkəsində (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniyada) qeydə alınmış topdan satış qiymətləri əsasında bazis qiyməti müəyyən edilir. Həmin bazis qiymətin əsasında ölkədaxili topdan satış əczaçılıq müəssisələri üçün şərti satış qiyməti hesablanır. Bunun üzərinə əczaçılıq müəssisələri və aptek təşkilatı üçün nəzərdə tutulan müvafiq əlavələr edilir. Son qiymətin üzərinə əlavə dəyər vergisi də gəlir. Nəticədə, dərman vasitəsinin pərakəndə satış qiyməti təsdiq olunur.

Göründüyü kimi, dərman satan firmalar uzun illər Azərbaycanda 5 dəfəyə qədər şişirdilmiş qiymətlərlə izafi gəlir əldə edirlər. Bu gəliri artırmaq üçün həkimlər də bu iqtisadi cinayətə cəlb edilir. Onların təyin etdikləri antibiotiklərin satış qiymətinin təxminən 20 faizə qədəri həkimlərin özlərinə qayıdıb. Və bu həkimlər üçün də çox “əlverişli” olub. Məsələn, xəstədən 20 manat alaraq müayinə edən həkim dəxli olub-olmadan ona 300 manatlıq antibiotik yazıb və buna görə də dərman satan firma tərəfindən 60 manat “mükafatlandırılır”. Bu “mükafatlar” bəzən o qədər cəlbedici olur ki, həkimlər hətta körpə uşaqlara böyüklər üçün nəzərdə tutulmuş dozada antibiotik yazırlar. Xəstəxana kluarlarında antibiotiklərin təsiri altında gözləri tutulmuş, qulağı kar olmuş körpələr barədə çox söhbətlər gəzir.


Həkimlərin daha çox təyin etdiyi antibiotiklər ən azı 50 faiz ucuzlaşdırılmalıdır

Beləliklə, Tarif Şurası dərman qiymətlərinə əl gəzdirməklə uzun illər Azərbaycan xalqını narahat edən bu problemi həll etmək istiqamətində ilk addımı atdı və 250-dən çox müxtəlif tərkibli preparatın qiyməti ucuzlaşdırdı. Ucazlaşdırma 20 faizdən 13 dəfəyə qədər uzanan geniş spektri əhatə etdi. Məsələn, Rusiya istehsalı olan “Amlotop” həblərinin qiyməti 13,8 manatdan 1,07 manat endirildi.

Lakin uzun müddət dərman biznesinin tədqiqi ilə məşğul olmuş ekspert Ayxan Əliyev Azadlıq.az xəbər verir ki, anspress-in əməkdaşı ilə söhbətində bu ucuzlaşmanın yetərli olmadığını deyir: “Mən siyahıya baxdım. Həkimlərin çox yazdığı populyar dərmanlar, demək olar ki, həmin siyahıda yer almır. Bir-iki populyar dərmanın cəmi 20 faiz ucuzlaşdırıldığını gördüm”.

Ekspertin fikrincə, Tarif Şurası antibiotiklər məsələsinə xüsusi diqqət yetirməlidir: “Həkimlərin daha çox təyin etdiyi populyar antibiotiklər ən azı 50 faiz ucuzlaşdırılmalıdır. Əks halda, ucuzlaşmanın heç bir faydası olmayacaq. Xalqın tanıdığı “Diklofenak” və “Volteran”dan başqa o sihayıda elə də populyar preaparat yoxdur. Onların da ucuzlaşması qənaətbəxş deyil”.

Düzdür, İqtisadiyyat və Sənaye Nazirliyindən verilən açıqlamada ilin sonuna kimi ölkədə satılan 4500-dən artıq dərman preparatının hamısının qiymətinə yenidən baxılacağı, əksəriyyətinin qiymətinin ucuzlaşdırılacağı vurğulanır. Lakin ekspert Ayxan Əliyev dərmanların da digər populyar preparatlar kimi cəmi 20-30% ucuzlaşdırıla biləcəyini vurğulayır: “Əslində, həmin preparatları da 3-5 dəfə ucuzlaşdırmaq olar. Amma hiss olunur ki, populyar dərmanlarla bağlı Şuraya təsir edilir”.

Ekspertin fikrincə, Tarif Şurası populyar dərmanların ucuzlaşdırılması məsələsini tezliklə həll etməlidir: “İndi bazarda ciddi durğunluq var. Əhali sentyabrdan dərmanların ucuzlaşdırılacağını güman edərək dərman almır. Bu isə xırda şirkətlərin bazarı tərk etməsinə səbəb olur. İndiyə kimi 100-ə yaxın xırda şirkət bağlanıb. Bəziləri isə 1-2 işçi saxlayaraq 20-25 işçini ixtisara salıb. Belə getsə. Bazar 3-4 inhisarçı şirkətin əlində qalacaq və onlar istədikləri qiymətləri müəyyən etməkdə çətinlik çəkməyəcəklər”.

Həmçinin oxuyun:
Dərmanların qiyməti dəfələrlə ucuzlaşdı – (RƏSMİ, CƏDVƏL)

mənbə :
anspress

Derman “ucuzlaşması” kime xidmet edir