İçeriğe geçmek için "Enter"a basın

Deputatlar bulvarda…

03-07-2015


27.11.2008 / 09:47 xeber –

Günel Mövlud

(Köşə-fantaziya)

“Diktofonsuz jurnalist” rubrikasında bu dəfə millət vəkili Pənah Hüseynin qonağı olduğumdan (yeri gəlmişkən, əgər xroniki depressiyadan çıxsam, rubrikanı bu günlərdə oxuyacaqsınız), demək olar ki, günün yarısını Milli Məclisdə keçirməli oldum. Kor taleyin üzü qara olsun, özü də “qonaqlığım” iclas vaxtına düşdü. Ayıbdır söyləməsi, mən ömrümdə heç vaxt bu qədər yekə-yekə kişiləri bir arada görməmişdim. Amma nəzərə alanda ki, mətbuatın, televiziyanın və bu kimi sair şeylərin sayəsində biz bu adamları çox yaxşı tanıyırıq, ağlıma bir şey gəldi. Millət vəkillərini bu ciddi-ciddi söhbətlərdən, münasibət bildirib şərhlər vermək, kimisə tənqid atəşinə tutub, kimisə göylərə qaldırmaq kimi taleyüklü məsələlərdən kənarda təsəvvür edim. Məsələn, elə bulvarda. Özü də, təsəvvür edək ki, guya bulvara qıznan çıxıblar. Yalandan kim ölmüş? Bütün səydəş fikirlər kimi, bu da ağlıma batdı.

Əgər ölkənin taleyini həll edən bu ağır kişiləri yanlarında qız, bulvarda təsəvvür edə bildinizsə, gəlin sonra baş verəcək hadisənin dramaturgiyasını da (yəni hər deputat yanındakı xanımla necə davranardı) xəyalımızda canlandıraq. Xətirlərinə dəyməsin deyə, elə əlifba sırası ilə başlayardım, amma əlifba sırasını yaddan çıxartmışam. Beləliklə, getdik…

Aqil Abbas – Qıza uzun-uzadı Üzeyir Hacıbəyovla Məmməd Arazdan, özünün “Dolu” romanından danışandan sonra gənc xanımın cibinə tələsə-tələsə yüz dollar basıb, harasa domino oynamağa gedərdi.

Səyavuş Novruzov – xanımdan “İrəli”yə üzv olmağı tələb edər, qız razı olmadığı təqdirdə, onu şillələyərdi.

Aydın Mirzəzadə – etmədiyi kobudluqlara görə xanımdan dəfələrlə üzr istəyər və axırda ona bir dəstə gül alardı.

Əli Əhmədov – o da qıza gül alardı, amma gülsatanın pulunu verməzdi.

Vaqif Səmədoğlu – o da qıza gül alardı, amma gülsatana pul yox, Səməd Vurğunun adını verərdi.

Əkrəm Əylisli – qızı öpməyə cəhd edərdi…(yeri gəlmişkən cəhdi baş tutardı)

Zahid Oruc – söylədiyi hər ağllı fikrə görə xanımın əlini sıxmaqdan yazıq qızın barmaqlarının bir neçəsini qırılmaq həddinə gətirərdi.

Ülvi Quliyev – bu keçmiş idmançı, yanındakı qıza bir balaca kəm baxdıqları üçün bir-iki oğlanı döyüb, şil-küt edərdi.

İkram İsrafil – o da qızın yanında davaya düşərdi, amma bu dəfə döyülən İkram İsrafil olardı.

Pənah Hüseyn – qıza and içərdi ki, o, doğrudan da millət vəkilidir.

Zəlimxan Yaqub – doğrudur, şair daha millət vəkili deyil, amma bir də nə vaxtsa əlinə millət vəkili olmaq və bulvara qıznan çıxmaq fürsəti düşsə, o yanındakı xanıma yarım saat sazda “Ruhani” çalardı…

Adları çəkilməyən millət vəkilləri inciməsinlər. Onlar ehtimallarını özləri də bizə göndərə bilərlər.

mənbə :
lent.az

Deputatlar bulvarda…