İçeriğe geçmek için "Enter"a basın

Prokuror Bakıda qohumuna qarşı dələduzluq edən şəxsə cəza istəyib

05-07-2018

[r32]

5 İyul, 2018  13:35 xeber – Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Məmmədov özünü təqsirli bildiyini söyləyib.

Məhkəmədə məlum olub ki, E.Məmmədov öz qohumu Orxan Mehrəliyevə qarşı dələduzluq edib.

Belə ki, E.Məmmədov qohumundan 10 min manat pul alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Lakin o, vədinə əməl edə bilməyib.

Daha sonra O.Mehrəliyevin şikayəti əsasında E.Məmmədov barəsində cinayət işi başlanılıb və ona qarşı Cianyət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqadarda) maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə E.Məmmədovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işi məhkəməyə göndərilən zaman isə E.Məmmədov proseslərdə iştirak etməyib, bir neçə ay məhkəmədən yayınıb. O, məhkəməyə gəlmədiyi üçün barəsində həbs qərarı çıxarılıb.Sonuncu məhkəmə iclasında zərəçəkmiş qismində iştirak edən O.Mehrəliyev ona dəymiş ziyanın ödənildiyini deyib. O, şikayət və tələbinin olmadığını bildirib.

Daha sonra iclasda şahidlər dindirilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror Fərid Nağıyev çıxışında E.Məmmdədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş O.Mehrəliyev isə təqsirləndirilən şəxslə barışdığını deyib.

Təqsirləndirilən E.Məmmədovun vəkili çıxış edərək müvəkkili barəsində cərimə cəzası təyin edilməsini xahiş edib.

Hakim bildirib ki, E.Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin də hökmü var. E.Məmmədov həmin hökmdən apellyasiya şikayəti verib. Hakim apellyasiya məhkəməsinin qərarını gözlədiklərini deyib.

Məhkəmənin növbəti iclası iyulun 11-nə təyin edilib.

Qeyd edək ki, E.Məmmədov dələduzluq işinə görə həbs edilən ərəfədə onun daha bir cinayət hadisəsinin iştirakçısı olduğu üzə çıxıb.

Daxili işlər orqanlarının bu il mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən E.Məmmədovun şantaj və hədə-qorxu ilə məşğul olduğu məlum olub.

Aparılan araşdırmalarla onun reket jurnalist kimi fəaliyyəti göstərməsi, tez-tez bölgələrə gedərək gizli videoçəkilişlər aparması, şantaj, hədə-qorxu və dələduzluq yolu ilə müxtəlif qurumlardan, bəzi dövlət idarələrindən, rəhbər vəzifəli şəxslərdən birdəfəlik və ya aylıq haqq alması məlum olub.

E.Məmmədovun yaxın əlaqələrində olan daha 4 xəbər saytının təsisçiləri və baş redaktorları ilə əlbir olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun bəzi rəhbər vəzifəli şəxslərinin məhz işdən azad olunmaları istiqamətində mütəmadi olaraq barələrində neqativ məzmunlu məqalələr yazması müəyyən edilib. Məlum olub ki, reketlər şantaja məruz qoyduğu şəxslərdən poçt vasitəsi ilə 100-150 AZN məbləğində bir neçə dəfə pul alıb, eyni zamanda həmin vəzifəli şəxslərdən onun üçün rayonun məktəblərindən pul yığmalarını tələb edib.

2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib.Müəyyən olunub ki, Ağdam rayon sakinləri – 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru P.Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Məmmədova müraciət edərək ona məxsus dosye.az saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib.

V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər.Bundan sonra E.Məmmədov hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı E.Məmmədov, V.Əliyev və R.Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub.

Bu cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, E.Məmmədova qarşı Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədov şikayətçi olub. R.Məmmədov icra başçısı olan zaman E.Məmmədovun onun barəsində böhtan xarakterli yazılar yazmasına görə şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

mənbə :
Report.az

Prokuror Bakida qohumuna qarsi deleduzluq eden şəxse ceza isteyib