İçeriğe geçmek için "Enter"a basın

Arif Əsgərov və oğlu Elnarın adı keçdiyi məhkəmədən YENİ XƏBƏR

08-05-2018

[r32]
xeber –

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər dindirilib.

 

Şahid Gəray Abbasov bildirib ki, zərərçəkmiş Qoşqar Zeynalovla dost olub. Bildirək ki, Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısının oğludur.

 

İş görmək üçün Qoşqar Zeynalovun istəyi ilə Rahib Hüseynova 800 min dollar pul verib:

 

"Qoşqar Zeynalovla tanışlığımız var. Məni çağırıb dedi ki, Rahib Hüseynovla iş görəcəyik. Mən Rahibi də tanıyıram. Yaxşı, mərifətli oğlanlardan biridir. Qoşqar dedi ki, xaricdən mal gətirirlər, yaxşı qazanc var. Bir neçə dəfə Rahiblə də görüşmüşəm. Yaxşı imkanlarının, əlaqələrinin olduğunu gördüm. İş görmək üçün 800 min dollar verdim. Mən bu pulu Qoşqara görə, dostluğumuza görə Rahibə verdim. Qoşqarı yaxşı adam kimi tanıyıram. Həmin puldan 45 və 50 min dollar iki dəfəyə qaytarılıb. Mən pulu Qoşqara verdim. İndi pulum hardadır bilirəm. Nə vaxt alsa, veriləcək".

 

Şahid bildirib ki, cəmi üç aydan sonra pulu qaytarılmayıb, daha sonra da Rahib Hüseynov həbs edilib: "Dəfələrlə söz verdi ki, qaytaracaq. Yaxşı bağları var. Orada səhər saat 6-ya qədər gözləmişik. Pulu verəcəyini dedi. Amma vermədi. Deyirdi ki, pulu Əvəz Qocayev verəcək".

 

Gəray Abbasov obyektini 700 min dollara satdığını, həmin pulu da iş görmək üçün Qoşqar Zeynalova verdiyini söyləyib.

 

Rahib Hüseynov isə söyləyib ki, şahidə pulu Əvəz Qocayevin verəcəyini deməyib: "Mən dedim ki, pul Arif Əsgərovdadır. Oğlu Elnar gətirəcək".

 

Rahib Hüseynov şahidə sual verib: "Pulu mənə vermisən, yoxsa Elnar Əsgərova?".

 

Şahid Gəray Abbasovun cavabı belə olub: "Mən pulu Qoşqara verdim. Kimə verdiyini bilmirəm. Amma işi səninlə görəcəyini deyirdi".

 

Digər əlavə şahid isə Zeynal Bayramov olub. O da iş görmək üçün Qoşqar Zeynalova pul verənlərdəndir.

 

Z.Bayramov Qoşqar Zeynalova 1 milyon 725 min dollar verdiyini söyləyib. O, qeyd edib ki, aylıq 100-110 min qazanc olacaqdı.

 

"Amma sonra məsələ bu yerə gəlib çıxdı. Mən pulu Qoşqara şərtlə verməmişəm. Nə vaxt olsa qaytaracaq. İşi görəcəyi şəxs Rahib Hüseynov idi. Sonra məsələ bu cür oldu"- deyən şahid bizneslə məşğul olduğunu söyləyib.

 

Z.Bayramov qeyd edib ki, hazırda Rahib Hüseynovla aralarında pul söhbəti olmayıb və indi də ondan tələbi yoxdur: "Qoşqar deyir ki, gözləyək görək prosesin sonu necə olacaq. Mən pulumu Qoşqardan tələb edirəm. O da öz işimdir necə alacam. Şikayət edəcəm, etməyəcəm, o da öz işimdir".

 

R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

 

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

 

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

 

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

 

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir.

 



mənbə :
Lent.az

Arif Esgerov ve oglu Elnarin adi kecdiyi mehkemeden YENİ XEBER