[r32]
3 May, 2018 00:15 xeber – İngiltərənin “Liverpul” klubu bir mövsümdə vurulan qol sayında avrokubok rekordunu yeniləyib.”Report”un məlumatına görə, həmin topun müəllifi İtaliyada “Roma” ilə Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab görüşünün 25-ci dəqiqəsində fərqlənən Jorjinyo Veynaldum olub. O, son 14 qarşılaşmada komandasının 46-cı qolunu vurub. Bu göstərici isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Əvvəlki məhsuldarlıq rekordu İspaniya “Barselona”sına məxsus olub. Kataloniya komandası 1999-2000 mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub. Digər tərəfdən, “Liverpul”un Sadio Mane, Roberto Firmino və Məhəmməd Salahdan ibarət hücum “trio”su 29 qolla ÇL-in məhsuldarlıq rekordunu müəyyənləşdirib. Cavab görüşündə ilk topun müəllifi olan Mane aktivindəki qolların sayını 9-a çatdırıb. Firmino və Salah isə hərəyə 10 dəfə fərqlənib. Daha əvvəl bu rekord “Real Madrid”in Kriştianu Ronaldu, Kərim Benzema və Qaret Beyldən ibarət “üçlüy”ünə məxsus olub. Onlar 2013-2014 mövsümündə üst-üstə 28 qol vurublar.
mənbə :
Report.az