İçeriğe geçmek için "Enter"a basın

Kamal Abdulla almaniyalı senatorla görüşüb

22-06-2015


22.06.2015 / 18:45 xeber –

Bu gün multikulturalizm və dini məsələlər  üzrə  Dövlət  müşaviri, akademik Kamal Abdullayev  Almaniya Federativ Respublikası parlamenti-Bundestaq Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan bir qrup parlament üzvləri ilə görüşüb.

Bakı Beynəlxalq Muktikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Görüşdə Almaniyanın Türingen vilayət parlamentinin sədri Kristian Karius, vilayət parlamentində fraksiyanın iqtisadi məsələlər üzrə sözçüsü Mario Foqt, enerji məsələləri üzrə sözçüsü Ştefan Qruhner, təhsil məsələləri üzrə sözçüsü Kristian Tişner, turizm məsələləri üzrə sözçüsü Andreas Bül, inteqrasiya və miqrasiya məsələləri üzrə sözçü Kristian Herqot və kənd təsərrüfatı üzrə sözçü Markus Malş iştirak edib.                                                                                                              Akademik Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl “Kitabi Dədə Qorqud”un “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıtmasını xüsusilə qeyd edib. Akademik  əlavə edib ki, ölkə prezidenti İlham Əliyevin bu səbəblə ilboyu müxtəlif tədbirlərin keçirilməsi məqsədilə ayrıca sərəncam imzalayıb. Görüşdə Dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini də dilə gətirib, bunun yolverilməz olduğunu bir daha bəyan edib.

Görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verib. İcraçı direktor Mərkəzin yaranmasının əsas məqsədlərindən biri kimi Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib. Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərdə tədrisi barədə qonaqlara ətraflı məlumat verib və bu universitetlərin sırasına növbəti semestrdən bir sıra Avropa universitetlərin, o cümlədən, Almaniyanın Ausburq universitetinin də daxil olacağını vurğulayıb.

Qonaqlar öz növbələrində Azərbaycana ilk dəfə gəldiklərini, səfərlərinin “Bakı 2015: I Avropa Oyunları” ərəfəsində baş tutduğu üçün çox şanslı olduqlarını və paytaxt Bakının əsrarəngiz gözəlliyinin şahidi olduqlarını bildiriblər. Müzakirələrdə parlament üzvləri Almaniyada və avropadakı multikultural durumdan və mövcud problemlərdən də bəhs ediblər.

Sonda Almaniyalı parlamentarilərlə xatirə şəkili çəkilib.

 

 

Mənbə : Lent.az

Kamal Abdulla almaniyalı senatorla görüşüb