[r32] 
                28 Fevral, 2018  20:19 xeber – Mingəçevir şəhərində nəşr olunan “Mingəçevir işıqları” qəzetinin 70 illik yubileyi qeyd olunub.
“Report”un Şirvan bürosu xəbər verir ki, Mingəçevir Dövlət Universitetində təşkil olunan tədbirdə Şəhər İcra Hakimiyyətinin, Mətbuat Şurasının, Azərbaycan Jurnalistlərinin Demokratik Liqasının, Respublika Jurnalistlərinin Həmkarlar İttifaqının, “İki sahil” qəzetinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov Azərbaycanın regionlarında beynəlxalq standartlara cavab verən qəzetlərin nəşrinin müsbət hal olduğunu bildirib: “Həm yerli strukturların dəstəyini qazanmaq, həm də müstəqilliyini qorumaq heç də hər bir mətbu orqanına nəsib olmur. Bu mənada, “Mingəçevir işıqları” qəzeti region mətbuatı arasında  diqqət çəkən üstünlükləri ilə seçilir”.
Onun sözlərinə görə, qəzet şəxsi poliqrafiya müəssisəsinə, bütün standartlara cavab verən Media Mərkəzinə, geniş beynəlxalq əlaqələrə və  demokratik ənənələrə malikdir: “Bu, onu göstərir ki, Azərbaycan mətbuatı  bölgələrdə də məqsədyönlü inkişaf yolu tutub və biz xarici həmkarlarımız bu barədə hər dəfə ürək dolusu ilə söhbət açırıq”.
Daha sonra çıxış edənlər Azərbaycan mətbuatının müasir durumu, uğurları barədə söz açıblar.
Sonda “Mingəçevir  işıqları” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Fərman Nəbiyev və  kollektivin digər üzvləri  fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “Mingəçevir işıqları” qəzeti 1948-ci ildən nəşr olunur. 
mənbə : 
Report.az