İçeriğe geçmek için "Enter"a basın

Kriminal avtoritet “QOCA” ləqəbli dustaq öldürüldü! DİN və Baş Prokurorluqdan məlumat (Yeniləndi)

02-11-2017


[r32]
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir: “2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

* * *
Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.
“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.
Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

* * *

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb. Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov olub.
E.Məmmədov atışmada yaralanıb və ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.
Ş.Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

***

İlk yayınlanma zamanı 02:00

Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

“Report” xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə “Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, “Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb. Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.

Kriminal avtoritet “QOCA” ləqəbli dustaq öldürüldü! DİN və Baş Prokurorluqdan məlumat (Yeniləndi)