İçeriğe geçmek için "Enter"a basın

40 günlük körpesiyle yanğından sağ çıxan jurnalist: “Her şey bir deqiqenin içinde oldu”

21-05-2015


21.05.2015 / 12:13 xeber –

 

 

Mayın 19-da Binəqədi rayonunda yanan binada anası və körpəsi ilə birlikdə qalan həmkarımız Sevinc Fədai hazırda ev şəraitində müalicə olunur. Müvəqqəti olaraq rəfiqəsinin evinə köçən xanım jurnalist baş vermiş faciənin detalları ilə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

 

– Sevinc xanım, öncə keçmiş olsun… Yanğının şokunu üzərinizdən ata bilmisizmi?

 

– Yox, hələ də o stress qalıb. Amma səhhətimiz normaldır. Bizə orda tüstüdən elə bir zəhərlənmə olmayıb. Çünki içəridə olanda özümüzü çox qoruduq. Yaş dəsmal, su, qatıq içməklə zəhərlənmənin qarşısını aldıq. Yoxsa o yanğının içindən sağ çıxmaq mümkün deyildi. Özümüz bəzi müdaxilələri edirdik ki, vəziyyətdən çıxa bilək.

 

– O şəraitdə, panikada bütün bunları etməyinizin özü də böyük hərəkətdir. Kənardan, telefonla hansısa məsləhətlər verən dostlar var idimi?

 

– Özümüz də nələrisə bilirdik. Dostlar da məsləhət elədi. Bizdə körpə uşaq var idi deyə otaqda da termosda suyumuz var idi. Bəxtimizdən termos da olduğumuz otaqda idi. Su da çox az idi, 1 saata o su tükəndi. Yavaş-yavaş içirdik ki, su qurtarmasın. Sonra ağzımıza dəsmal tutub, hamama tərəf qaçdıq ki, su götürək. Gördük ki, suyu kəsiblər. Başa düşmürük ki, suyun kəsilməsi nəyə görə idi. Qabda-qacaqda nə qədər su qalmışdısa, ondan istifadə etdik. Aşağıdan da dostlar dedilər ki, ağzınızı yaş dəsmalla bağlayın. Biz içəridə 3 saat qaldıq.

 

– Ən gec çıxarılanlardan olmusuz. Səbəb yuxarı mərtəbədə qalmanız idi?

 

– Həm yuxarı mərtəbədə olmamız səbəb oldu, həm də sonradan bildik ki, arada bizim xilas olunmağımızla bağlı yalan xəbər yayılıb. Bu aldadıcı xəbər isə bizə müdaxiləni gecikdirib. Sonra xüsusi zənglər olub, bildirilib ki, 13-cü mərtəbədə qalan var. Mən özüm də yanğın güclənmədən qapını açıq qoymuşdum ki, gələn olsa içəri keçə bilsin. Amma bununla belə, yanğın sakitləşəndən sonra gələn yanğınsöndürənlər qapını aça bilmirdilər, mən yenidən açdım.  

 

– Yanğın xəbərini alan kimi nə etdiz? Binada nələr oldu?

 

– Elə böyük səs-küy yox idi. Koridorda idim, eşitdim ki, qonşulardan kimsə “yanğınsöndürən çağırın” deyir. 12-ci mərtəbədən səs gəlirdi. Açdım qapını, gördüm üzbəüz qonşu da donub qalıb. Nə qədər soruşdum ki, “xala, nə olub”, donub qalmışdı, cavab verə bilmirdi. Qadına dedim ki, içəri keçin, siz də 102-yə zəng vurun, mən də vuracam. Amma aradan bir dəqiqə keçəndən sonra bloka çıxanda gördüm ki, hər tərəfi tüstü bürüyüb.

 

İçəri qayıdanda gördüm ki, artıq mətbəximiz də yanır. Mənim heç amanım da olmadı ki, harasa zəng vurum. Sonra Mövluda (həyat yoldaşı, jurnalist Mövlud Mövlud -S.T.) zəng vurdum ki, ətrafındakıların hamısı jurnalistdir, hamıya xəbər verə bilər.

 

– Evdə olan ananız, siz və balaca körpəniz bir otağa sığındız?

 

– Bir otağa sığındıq. Bizdə iki balkon idi. Bir tərəfdən mətbəx yandı, 15 dəqiqə sonra isə yataq otağının balkonu yandı. Onda çox qorxduq. Çünki qapqara tüstü hər iki tərəfdən otağa daxil olurdu.

 

– Xilas anını necə xatırlayırsız?

 

– Onlar gələndə yanğın sönmüşdü. Anamla mən pəncərələri açdıq ki, hava dolsun içəri. Mən qorxurdum ki, partlayış ola bilər. Çünki yanğın sönmüşdü, amma bir az keçəndən sonra görürdük ki, yenidən başlanır, içəri tüstü dolurdu…

 

– 40 günlük oğlunuz Ucalı sakitləşdirmək, onu tüstüdən, yanğından qorumaq üçün nələr etdiniz?

 

– Yanğının pis vaxtında onu basdım sinəmə, əmizdirdim ki, ağzına, burnuna tüstü dolmasın. Yellədik. Uşağın da dəsmalla burnunu silirdik. Onun da ağız-burnu qapqara idi tüstüdən, bizimki də..

 

– Həkim müdaxiləsi, müayinəsi oldumu? Körpənin, özünüzün durumu necədir?

 

– Bizdə ancaq psixoloji təsirdir. İçəridə olanda müdaxilələr olmuşdu, ciyərlərimizdə zədələnmə olmamışdı. Mənə sistem köçürdülər. Körpəyə də oksigen verdilər.

 

– Evə nə zaman qayıdacaqsız? Bildiyimə görə, ev şəxsi deyildi, kirayədə qalırdız…

 

– Bəli, kirayə idi. Nəinki o evə qayıtmaq, uzun müddət bina evində qala bilmərik. Bundan sonra kirayə də olsa, həyət evində qalacağıq. Onun qorxusu, stressi bizə bəsdir. Mətbəxin əşyaları, pal-paltarlar zədələnib. Amma mebellər-filana hər hansı ziyan dəyməyib.

 

– Bina sakinləri ilə artıq danışıqlar başlanıb, kompensasiyalar ödənilir. Sizinlə danışılıbmı?

 

– Xeyr, bizimlə danışılmayıb. Hələ biz də özümüz maraqlana bilməmişik. Çalışıram ki, mətbuata çox baxmayım. Dünən axşam saytlardakı xəbərlərə baxanda bu hadisəni bir daha yaşadım sanki. O boyda hadisədə özümüzü möhkəm tutmağa çalışmışdıq, amma xəbərləri, fotoları görəndə sarsıldım.

 

– Qonşular arasında uşağını itirən, özü dünyasını dəyişənlər var. Onlardan hansınısa şəxsən tanıyırdızmı, əlaqələriniz var idimi?

 

– Biz burada kirayənişin idik, özümüz də səhər işə gedib, axşam gəlirdik. Qonşularla elə bir əlaqəmiz yox idi. Ancaq üzbəüzdəkilərlə ünsiyyətimiz olmuşdu. Onu da axşam öyrəndim ki, iki bacı dünyasını dəyişib. İndi hər şey yuxu kimi gəlir ki, anam, mən, körpə 3 saat boyunca orda necə sağ qalmışıq. Amma indi bütün hisslərimi, qorxunu, dəhşəti üstələyən bir hiss var. O da şükür hissidir. O körpələrin ölümünü düşündükcə adam dəhşətə gəlir. Ən balaca sakin də bizim evdə idi – 40 günlük körpə idi. Allah qorudu, şükür…

 

– Ən çox kimdən dəstək və yardım aldınız?

 

– Bütün dostlar sağ olsun. Telefonuma zəng çatdığı ana qədər hamısı axtarırdı, dəstəyini bildirirdi. Rəfiqəm Humay zəng vururdu ki, sizə görə FHN-in işçilərini göndəriblər, gələcəklər. İmdad Əlizadə bizə dedi ki, yaş dəsmalı ağzınıza tutun…

 

Bu məsləhətin sayəsində sağ qaldıq həm də. Elnur, Günel, Çingiz Özgür… hamısı, hamısı son ana qədər axtardılar. Yüzlərlə zəng gəlirdi, amma şəbəkə itirdi deyə bəzən cavablamaq olmurdu. Anam mənim ağzıma yaş dəsmal tuturdu, mən onun. O biri tərəfdən uşağı yelləyirdik ki, ağlamasın… Axırdan-axıra telefonlara cavab verə bilmədim, sonradan isə zəng çatmadı. Zəng çatmayandan sonra dostlar çox narahat olmuşdu.

 

Mövludun özü zəng çatmadığını görən kimi oturub kənarda ağlayırmış. Elə bilibmiş, bizə nəsə olub. İçəridə yanğın başqa cür idi, bayırdan isə çox dəhşətli görünürdü. Ona görə də hamı bir ağızdan deyirdi ki, ordan sağ çıxan olmaz. Mövlud da deyir ki, o sözləri eşitməmək üçün ordan qaçmışdım. Binaya qaz çəkilməyib. Elə buna görə çox adam sevinirdi ki, yaxşı ki, qaz olmayıb, yoxsa əlavə partlayış baş verə bilərdi. İndi eşidirəm ki, gah zibil yanmasından, gah da işıq sistemi quraşdırmaqdan olub. Versiyalar çoxdur. Yanğının başlaması ilə böyük masştabı əhatə etməsi bir oldu. Cəmi bir dəqiqənin içində oldu hər şey…  

Mənbə : Lent.az

40 günlük körpesiyle yanğından sağ çıxan jurnalist: “Her şey bir deqiqenin içinde oldu”