İçeriğe geçmek için "Enter"a basın

General cəzadan nəticə çıxarmayıbmış – Sürücüyə zəng edib

12-07-2017

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.

Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov oğlu Rüstəm Orucovun döydüyü “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu hədələyib.

“Azadliq.az” xəbər verir ki, bu barədə Ölkə.Az-a sürücü S.Səmədov məlumat verib.

S.Səmədov Novruzəli Orucovun bu gün telefonla ona zəng vurduğunu söyləyib:

“Bu gün Novruzəli Orucov mənə zəng vuraraq, nə üçün ondan icazəsiz mətbuata müsahibə verdiyini soruşdu. Daha sonra məni hədələdi və bildirdi ki, bir daha ondan xəbərsiz mətbuata müsahibə verməyim. Novruzəli Orucov mənə açıq şəkildə dedi ki, birdə onun əleyhinə olan fikirləri mətbuata söyləsəm, mənim üçün pis olacaq”.

Sürücü hələ də Novruzəli Orucovun hədələrindən qorxu hissləri keçirdiyini bildirib.

1981-ci il təvəllüdlü Sənan Səmədov “Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə “BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:

“İyulun 3-də saat 21:30 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli “BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.

S.Səmədov bildirib ki, general oğlu onu “söyüş”ə görə döyüb:

“Marşrutun son dayanacağında saxladım, sərnişinlər də düşüb getdi. Yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona “maşında ana-bacı var” demişəm, o elə bilib ana-bacı söyüşü söymüşəm. Aramızda xırda mübahisə oldu, yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyyəmdən bir yumruq vurdu. Yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü “Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”.

S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.

Murad Əhməd – Qafqazinfo.az

Video: Nuran Məmmədov

General cəzadan nəticə çıxarmayıbmış – Sürücüyə zəng edib