İçeriğe geçmek için "Enter"a basın

Deputatlar niyə belə danışır? - HƏMKARLARINDAN REAKSİYA

26-12-2016

[r32]

26.12.2016 / 17:24 xeber –

Deputat Astan Şahverdiyevin iki gün öncə "Azadlıq" radiosuna verdiyi müsahibə qalmaqala səbəb olub. O, müsahibəsində Biləsuvarda məskunlaşan məcburi köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.

 

Bu, Azərbaycan Milli Məclisinin deputatları ilə bağlı ilk qalmaqal deyil. Millət vəkillərinin istər parlamentdə, istərsə də mətbuatda səsləndirdiyi fikirlər vaxtaşırı olaraq narazılıqlara səbəb olur. Məsələn, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin "Müəllim dolana bilmirsə, işdən sonra daş hörsün", "köçkün də istəyir mənim geydiyim kostyumdan geyinsin…” sözləri hələ də "dillər əzbəri”dir.

 

Yaxud Tarif Şurasının qərarına münasibət bildirən ağsaqqal deputat Hüseynbala Mirələmovun xalqı az yeməyə, pəhriz saxlayıb çəki atmağa çağırmasını götürək: “Azdır – az yesinlər, çoxdur – çox yesinlər”.

 

Və nəhayət, Milli Məclisin deputatı Astan Şahverdiyev Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünləri və Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırıb. "Onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var".

 

Xatırladaq ki, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclaslarında dəfələrlə millət vəkillərini danışdıqları sözün mahiyyətini dərk etməyə çağırıb, hətta bəzilərinə, ümumiyyətlə, danışmamağı məsləhət görüb. Amma görünən odur ki, deputatlar bu tövsiyələri qulaqardına vurublar.

 

Yeri gəlmişkən, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev son olaraq deputat Astan Şahverdiyevin açıqlamasına münasibət bildirib.

 

“Əvvəla, deputat Astan Şahverdiyevin nə danışdığını dəqiq bilmirəm. Amma hesab edirəm ki, Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırmaq normal adama yaraşmır. Qurtardı. Normal adam insanları bu cür adlandırmaz”.

 

Ağacan Abiyev deputatın səsləndirdiyi fikirlərlə bağlı komissiyada məsələyə baxılacağını da deyib: “İntizam Komissiyası özbaşına deyil. Komissiyanın sədri olaraq tək deyiləm. Komissiyanın digər üzvləri də var. Nəsə bir qərar olsa, biləcəksiz. Sadəcə, özbaşına deyiləm ki, kiməsə əmr verəm. Komissiyanın sədri olaraq komissiya üzvlərini bir araya yığacam, onlarla söhbət edəcəm. Bizim fikrimiz sizin fikirlərinizlə üst-üstə düşəndə biləcəksiniz”.

 

İntizam Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa özünün "Facebook" səhifəsində Rusiyaya köçüb getmiş azərbaycanlılar barədə "otxod" sözünün işlədilməsinə münasibətinin mənfi olduğunu dilə gətirib: "Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir. Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq inteqrasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır".

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib. Vitse-spiker bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır:

 

“Düzdür, bizim “Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma insanın hüquqi məsuliyyəti ilə yanaşı, daxili məsuliyyəti də var. Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarıma da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə, hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”. Z.Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları var ki, deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: “Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq var, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalı, xalqına və dövlətinə xidmət etməlidir!”

 

Yeri gəlmişkən, "parlament" fransız sözü olub mənası "danışmaq" deməkdir. Başqa sözlə, parlamentə seçilən şəxs ilk növbədə danışmağı, fikirlərini aydın ifadə etməyi bacarmalıdır…

mənbə :
lent.az

Deputatlar niye bele danışır? – HƏMKARLARINDAN REAKSİYA