28.10.2016 / 10:35 xeber –
Bu günlərdə nəvəmi həkimə aparmışam. Həyat yoldaşım da yanımda. Belə məsələləri özümüz həll edirik, daha doğrusu, övladlarımıza nəvələrimizi hələ yetərincə etibar eləmirik. Həmişə xəstəxanalara gedəndə həyat yoldaşımın ürəyində bir ümid doğur ki, burda hökmən məni şair kimi tanıyan olacaq. Salam verəcək, hal-əhval tutacaq. Bu da uşağın savadlı həkimə göstərilməsinə stimul ola bilər, yəni mənlə tanış çıxan adam bizi daha yaxşı həkimin, tutaq ki, Türkiyədə təhsil almış təcrübəli bir həkimin yanına aparar. Yoldaşımın o ümidi də var ki, elə o yaxşı həkimin özü tanış çıxsa, lap yaxşıdır. O həkim də birdən qayıdıb desə ki, şair, mənə kitab gətirmədin? Bu işin lap yüksək səviyyədə həll olunmağının göstəricidir. Çünki kitab istəyən həkim bizi növbəsiz qəbul edcək. Pul tələsi olan aparatlara müayinəyə göndərməyəcək. Firma dərmanları yazmayacaq. Hərdən elə olur ki, belə anlarda üstümdə pul olsa da, kitab olmur. Yoldaşımın hirsi lap vurur kəllə-çarxa. Az qala, uşağın həkim məsələsini təxirə salam, elə yoldaşımı əsəb həkiminə göstərəm. Hirsinin də əsas səbəbi odur ki, evdə sənin kitablarının əlindən tərpənmək olmur, birini niyə çantana atmırsan? O boyda həkim səndən kitab istəyir, durub üzünə baxırsan. Birdən də elə olur ki, heç məni tanıyan olmur. Yoldaşım yenə əsəbləşir. Pıçıltı ilə qulağıma deyir: “Elə bil, heç səni televezorda-zadda görməyiblər, qəzet-zad oxumurlar”. Guya özü oxuyandı.
Belə salam alıb, salam vermədiyim günlərin birində Moskvada 3 aylıq kurs keçən bir həkimin növbəsində dayanmışıq. Gözləyən də çox. Yoldaşım düşünür ki, həkim tanımır-tanımır, heç olmasa burda növbədə dayananların biri tanıya ərini. Növbəsini bizə verə. Biz də bu dünyada şeirdən axır ki, bir xeyir görək. Təssüflər olsun ki, heç üzümə baxan da yoxdur. Həkim bir-iki dəfə başqa bir otağa gedib qayıtsa da, başını yuxarı qaldırmadı. Yoldaşım ha böyrümü dümsüklədi ki, özünü irəli ver. Mən özümü irəli verdikçə, kök bir qadın üzünü daha da qabağa atdı. Yəni növbə mənimdir.
İndi keçək bu arvadın məsələsinə. Gəlini ilə gəlib. Tez-tez gəlinini növbə gözləyənlərə göstərib deyir ki, anası ölmüş (yəni oğlu) gəlini heç hara tək buraxmır. Hara gedir yanına bir adam qoşur. Bu gün özünün işi oldu, məni qoşdu gəlinin yanına.
İndi keçək gəlinə. Gəlin, nə gəlin?! O qədər arıqdı ki, hörümçəkdən can istəyir. Ayaq üstə güclə dayanıb. Bizim yerdə belə adama deyirlər ki, elə bil, ot yeyib su içmir. Ayaqqabının dabanı qopub, hiss edirsən ki, çoxdan qopub, çünki qopan yeri özü də köhnəlib. Əynindəki paltarın təzəliyindən və böyüklüyündən bilmək olar ki, ya böyük baldızının, ya da eltisinindir. Çünki gəlin qucağındakı gombul uşağı o qolundan bu qoluna ötürdükcə, avadın zəhmli səsi qəbul otağını başına götürür: “Donu qırışdırma!”. Gəlinin gözlərinin altı qapqaradır. Əlləri cadar-cadardır. Hiss edirsən ki, gəlin bu ailədə zülm görüb, kipriyi ilə od götürüb, doyunca yemək yeməyib. Qaynana, qayın və baldızlarının represiyası altında əzilir. Qolunu keçirdiyi bağlamanın ağırlığında uyğun sağ tərəfə əyilir. Hələ bu azmış kimi arvad qalın jaketini də çıxarıb gəlinin üstə atır, “bunu da qoy torbaya” – deyir. Özü də pəhləvan kimi dayanıb tən ortada, heç olmasa gəlinin qucağından uşağı almır. Tez-tez növbədə dayananlara deyir ki, oğlum gəlini, yəni arvadını bərk qısqanır, evdən çölə çıxmağa qoymur. Əlinə telefon vermir. Ətir nədi, gəlin onu görməz. Televizor nədi – gəlin nədi, ona baxmağa qoymaz. Neynəsin, anası ölmüş qısqancdı, zəmanə pisdi, indi hər cür hadisələr baş verir.
Arvad öz çantasını da gəlinin torpa keçmiş qoluna əlavə edir. Bu dəfə gəlin az qala müvazinətini itirsin, yanında dayanmış yoldaşım ona dayaq durur. Gəlinin bircə göz və burnu görünür. Köhnə yun şalla başını bürüyüb. Arvadların biri deyir ki, ay bala, heç olmasa başından şalını aç, hava çox istidir. O saat qaynanası bərk qışqırır, anası ölmüş eşidər, o saat gəlib gəlinin başını burdaca kəsər.
Özünü saxlaya bilməyən həyat yoldaşım uca saslə deyir:
– Anası ölmüş onu qısqanmır, öldürür.
Araya süküt çökür. Həkim çölə çıxır, yenə məni tanımır.
mənbə :
lent.az