09.08.2016 / 12:09 xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesin təxirə düşməsinə səbəb zərərçəkmiş şəxslərin gəlməməsi olub. Hakim bildirib ki, zərərçəkənlərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə məktub göndəriləcək və növbəti prosesdə zərərçəkmişlərin iştirakı təmin olunacaq.
Proses avqustun 16-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.
Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada dünyasını dəyişib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.
mənbə :
lent.az