İçeriğe geçmek için "Enter"a basın

Ümidinin başını kəsənlər - GÜNÜN ŞƏRHİ

16-02-2016


16.02.2016 / 20:14 xeber –

Ata 6 yaşlı oğlunun başını kəsib öldürüb. Dəhşətli hadisədi. İnsan hansı psixoloji vəziyyətə düşməlidir ki, öz körpəsinin başını kəsib öldürsün. Dəli olmuşuq! Heç bir etiraza yer qalmayıb. Dəli olmuşuq! Hamılıqla. Bu, artıq uçurumun kənarı da deyil. Uçurumun kənarından çox aşağıdayıq. Düşmüşük. Övladını anasına vermək istəməyən ata onun başını kəsib öldürüb. Övladını onu doğan anayla paylaşa bilməyən adamlarla yaşayırıq. O adamlardan sevgi, mərhəmət və digər müqəddəs insani hisslər gözləyirik, onlarla paylaşacaq ortaq dəyərlər axtarırıq. Dəli olmuşuq. Etiraza ehtiyac yoxdur.

 

Bu xəbərin daha dəhşətli tərəfi heç də qətlin özü deyil. Olmamalıdır. Hər gün onlarla qətl xəbəri oxuyan adamlar üçün bu ölüm də sıradan bir statistika oldu. Başı kəsilən o 6 yaşlı uşağın ölümü ilə ötən həftə küçəyə atılan 2 yaşlı uşağın yaşaması arasında çox da fərq yoxdur. Hər iki uşaq onları dünyaya gətirənlərin qurbanıdır. Bir neçə gün, ay, il əvvəl özünü öldürən onlarla digər uşaqlar kimi…

 

Bu qətli bu günə qədərki bütün ölümlərdən ayırmaq lazımdır. Bu dəfə ölən Ümid idi. Bəli, Ü(ü)mid öldü. Mistika deyil bu. Həyatın özüdü. Qıpqırmızıdı. Sillə kimi çırpıldı cəmiyyətin sifətinə.

 

İllər əvvəl illər sonraya ümidi olan o adam bu gün Ümidini öldürdü. Ümidinin boğazını üzdü. Cəmi 6 il ümid edə bildi. Ümidsizliyə məhkum elədi özünü də, bütün ailəsini də.

 

O adam elə bizik. Hər gün gözgörəti, Ümidini öldürən atadan fərqli olaraq normal psixoloji vəziyyətdə ümidlərimizi öldürürük. Hər gün gözlərimizdən ölü ümidlər tökülür. Məktəbdə yaxşı təhsil ümid ölüb, televiziyada yaxşı verilişə ümid ölüb, yaxşı yaşayışa ümid ölüb, gülməyə, sevinməyə, əylənməyə… ümid ölüb. Ətrafınıza baxın. Öldürdüyü ümidlərinə ağlamaqdan gözlərindən qan çıxan, ümidini öldürdüyü üçün hər kəsə nifrət püskürən adamlarla çevrələnmişik. Sanki gözlərindəki təbəssümdə ümid daşıyan birini görməyə heç kimin hövsələsi qalmayıb. Kim gülümsəyirsə, onu da ümid qatili eləmək üçün dəridən-qabıqdan çıxırıq!

 

Oxumayan, oxumaq istəməyən, özünü bu burulğandan çıxarmaq üçün can atmayan və psixoz halında yaşayan topluluğa çevrilmişik əksəriyyətlə. Və bu minvalla hər gün bir-birini öldürənlərin sayı artır. Kimi anasını, kimi bacısını, atasını.. özünü. Hər gün bir-birini öldürən insanlar bir gün Ümidi də öldürməliydi, əlbəttə. Özündə kiminsə həyatını sonlandırmaq haqqı görən qafa, əlbəttə, ümidini çoxdan öldürmüş bədənin üzərindədir. Bu çılğınlıq halı araşdırılmalıdır.

 

Ümid sonda ölmədi. Özünü ümidsizliyə məhkum edən adam Ümidini özündən qabaq öldürdü!

 

 

mənbə :
lent.az

Ümidinin başını kesenler – GÜNÜN ŞƏRHİ