21:34 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Azərbaycana səfəri reallaşacaq. Səfərin fevralın 18-də baş tutması gözlənilir.
Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqunun ANS-ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak üçün gəlir.
“Gələn həftə hörmətli prezidentimizi Azərbaycanda qonaq edəcəyik. Bu, Türkiyə və Azərbaycan prezidentlərinin hər il bir dəfə qarşılıqlı həyata keçirdikləri siyasi iş birliyi çərçivəsində reallaşacaq. Bu dəfə Azərbaycan ev sahibliyi edəcək. Cənab prezidentin dəvəti ilə gələcək. Azərbaycan tərəfi ev sahibi olduğu üçün onlar rəsmi açıqlama verəcəklər. Mən sadəcə onu deyim ki, görüş gələn həftə Bakıdan xaricdə baş tutacaq”, – İsmayil Alper Coşqun bildirib.
İsmayıl Alper Coşqun – Türkiyənin Azərbaycandakı səfiri
Mir Şahinin Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqunla daha geniş müsahibəsinə bazar günü fevralın 14-də saat 21-də gedəcək “Hesabat” verilişində baxa bilərsiniz.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti ötən ilin iyun ayın 12-də Bakıda səfər edib. Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan, turizm və mədəniyyət naziri Ömer Çelik, müdafiə naziri İsmet Yılmaz, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, gənclik və idman naziri Akif Çağatay Kılıç, keçmiş nəqliyyat, dənizçilik və rabitə naziri Binali Yıldırım, Prezidentin sözçüsü İbrahim Kalın, Anadolu xəbər agentliyinin rəhbəri Şenol Kazancı müşayiət edib.
Ərdoğan Bakıda Rusiya prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə diqqət çəkən məqam ondan ibarət idi ki, danışıqlar bağlı qapı arxasında keçirilib.
mənbə :
anspress