İçeriğe geçmek için "Enter"a basın

Prezidentdən gənclərə dəvət

30-01-2016

19:33 xeber – “Mən Azərbaycanda istifadəyə verilən bir çox müəssisələrin açılışında şəxsən iştirak edirəm – həm Bakıda, həm bölgələrdə. Öz müşahidələrim və eyni zamanda, məndə olan məlumat onu göstərir ki, çox böyük layihələrin həm icrasında, həm də ondan sonra idarə edilməsində daha çox xarici mütəxəssislərə üstünlük verilir. Mən bunu normal qarşılayıram. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Xarici mütəxəssislər də burada olmalıdırlar, işləməlidirlər. Ancaq hesab edirəm vaxt tez gəlməlidir ki, Azərbaycan menecerləri bu işi öz öhdələrinə götürsünlər”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev gənclərlə görüşündə vurğulayıb. Onun sözlərinə görə, ölkəmizdə 4-5 ulduzlu otellərin menecerləri xarici vətəndaşlardır. “Əlbəttə, bu, böyük dünya şəbəkələridir. Onların öz kadrları, öz menecment heyəti var. Onlar ölkədən-ölkəyə miqrasiya edirlər. Amma biz də elə kadr yetişdirməliyik ki, vaxt gəlsin, Azərbaycan menecerləri böyük şirkətlərin qlobal məsələlərində iştirak etsinlər”, – deyə ölkə başçısı bildirib.


Ölkə başçısının gənclərlə görüşü

İlham Əliyev onu da əlavə edib ki, gərək bu sahəyə çox böyük diqqət yetirilsin. Gələcəkdə ölkəmizin bütün şirkətlərinin başında Azərbaycan vətəndaşları dayansın. Bunun üçün isə o, gənclərə ümid etdiyini deyib.

Azərbaycan Turizm və Menecment Universitetinin menecment kafedrasının müdiri İsrafil İsgəndərov da ölkəmizdə kifayət qədər menecerlərin olmadığını vurğulayıb:

“Cəmi 25 il müstəqil olan ölkə üçün, əslində, bu normal haldır. İnkişaf etməkdə olan ölkələr belə bu sahələr üçün kadrları digər ölkələrdən gətirirlər, odur ki, bizim ölkə üçün də xaricdən menecer dəvət etmək təbiidir. Amma hazırda bu istiqamətdə işlər gedir. Universitetlər də bu sahədə kadrların yetişməsində böyük rol oynayır”, – deyə o qeyd edib.

İsrafil İsgəndərov onu da əlavə edib ki, menecerlər çevik olmalı, işlərinə tənqidi yanaşmalı, onlarda komunikasiya bacarığı olmalı və yaranmış böhrandan dərhal çıxış yolu tapmalıdırlar.


İsrafil İsgəndərov – Azərbaycan Turizm və Menecment Universitetinin menecment kafedrasının müdiri

Şirkətlərdən birinin xüsusi layihələr departamentinin satış direktoru Sabit Məmmədov isə deyir ki, əslində, ölkəmizdə istər menecer, istər marketinq, istərsə də idarəetmə işində kifayət qədər mütəxəssislər var. Sadəcə, nədənsə bizdə yerli mütəxəssislərdən çox xaricilərə üstünlük verilir.

“Düzdür, əvvəllər bu sahələr üzrə o qədər də savadlı insanlar yox idi, amma artıq neçə illərdir bu sahə üzrə işləyən bir ekspert kimi sizi əmin ediəm ki, istər paytaxtımızdakı böyük şirkət və otellərin idarərtmə işlərində, istərsə də, bölgədəki böyük layihə və müəssisələrin təşkili, icrasında, məhz, yerlilərimiz durur. Ola bilsin ki, xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə onların sayı azdır, amma bu da yaxın günlərdə aradan qaldırıla bilər”, – deyə Sabit Məmmədov bildirib.


Sabit Məmmədov – satış direktoru

Sabit Məmmədovun sözlərinə görə, ölkəmizdə bəzi mağazalar şəbəkəsi var ki, onlar əslində ilk addımlarını yerli mütəxxəsislərlə atıb, amma püxtələşdikdən sonra onları çıxararaq, yerlərinə əcnəbiləri gətirib: “Bu cür yanaşmalar düzgün deyil. Guya, həmin mağazalar şəbəkəsi yenilik etmək istəyir, amma düşünmür ki, əcnəbini gətirib, ona kifayət qədər pul verməkdənsə, yerli kadrlarımıza həmin pulu verib, daha çox uğur əldə etmək olar”.

Mütəxəssis onu da əlavə edib ki, bacarıqlı menecer, idarəetmə üzrə kadr yetişdirmək üçün hazırda müxtəlif məktəb və ali təhsil ocaqları var. Amma daha yaxşı biliyə yiyələnmək üçün bu sahələr üzrə ya xarici ölkələrdə treninqlər təşkil olunmalı, ya da ölkəmizə xarici mütəxəssis dəvət olunaraq, burada seminarlar keçirilməlidir.

Hər-halda, ölkə başçısının son zaman yerli mütəxəssislərə, yerli mallara üstünlük verməsi əbəs deyil. O, bununla ölkədən xaricə axan gəlirlərin qarşısını almaq, bununla da dövlət büdcəsini əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Odur ki, atılan bu addımlar təqdirə layiq addımlardır.

mənbə :
anspress

Prezidentden genclere devet