İçeriğe geçmek için "Enter"a basın

Robin van Persi “Mançester Yunayted”ə qayıdır

07-02-2024

[r32] 2024-02-07 02:16:23- Xeber –
Niderlandlı sabiq futbolçu Robin van Persi UEFA-nın peşəkar məşqçi lisenziyasının tələblərini təmin etmək üçün “Mançester Yunayted”in Trafford Məşq Mərkəzində olacaq.
“Report” xəbər verir ki, bu barədə “The Athletic” yazıb.
Bildirilib ki, “Mançester Yunayted” keçmiş hücumçusuna baş məşqçi Erik ten Haqın rəhbərliyi altındakı məşğələni izləmək və personalla müsahibə etmək şəraiti yaradıb.
Nəşr qeyd edib ki, 2020-ci ildən “Feyenoord”da məşqçi işləyən van Persi menecment sahəsində karyera qurmaq məqsədilə öz kvalifikasiyasında son mərhələyə keçir. Belə ki Niderland Futbol Assosiasiyası ilə peşəkar lisenziya almaq istəyənlər həm öz ölkələrində, həm də xaricdə təlimdən keçməlidirlər. Bu səbəbdən “uçan hollandiyalı” bunun üçün “qırmızı şeytanlar”ı seçib ki, ten Haq da buna razılaşıb.
Məlumata görə, van Persi çərşənbəyədək Kerrinqtonda olacaq. O, əsas komandanın yığıncaqlarını izləməklə yanaşı ten Haq, köməkçisi Mitçell van der Haaq və futbol direktoru Con Mertou ilə təmasda olacaq. 40 yaşlı məşqçiyə Niderlanddan daha iki çalışdırıcı da qoşulacaq. Onlar da van Persi kimi sözügedən kursdan keçirlər.
Xatırladaq ki, Robin van Persi İngiltərə Premyer Liqasının ötən turunda “Mançester Yunayted”in “Vest Hem” üzərindəki 3:0 hesablı qələbəsini “Old Trafford”dan canlı izləyib və onu 2012-ci ildə MY-yə gətirmiş Aleks Ferqüsonla şəkil çəkdirib.
Qeyd edək ki, van Persi karyerasının böyük qismini – səkkiz ilini “Arsenal”da keçirib. Qısa müddətdə londonluların “vuran ayağına” çevrilmiş niderlandlı futbolçu 278 oyunda 132 qol vura bilib ki, bu da “topçular”ın tarixində ən yaxşı səkkizinci göstəricidir. Fransalı baş məşqçi Arsen Vingerin rəhbərliyi altında bir sıra şəxsi uğurlara imza atmasına baxmayaraq, van Persinin komanda nailiyyətli çox da yüksək olmayıb: bu illər ərzində “Arsenal” cəmi bir dəfə İngiltərə Superkuboku (2004) və bir dəfə də İngiltərə Kuboku (2004/2005) qazana bilib. 2012-ci ildə isə niderlandlı futbolçu “Mançester Yunayted”ə keçib. Hücumçu şotlandiyalı çalışdırıcı Aleks Ferqüsonun karyerasının son Premyer Liqa çempionluğuna (2012/2013) nail olmasında müstəsnə rol oynayıb. O zaman futbolçu 26 qolla turnirin bombardiri olmuşdu. Ümumilikdə van Persi “Yunayted”də 105 oyunda 58 dəfə fərqlənib. 2015-ci ildə o, Mançesteri İstanbula dəyişib: “qırmızı şeytanlar” 6 milyon avro qarşılığında “Fənərbağça” ilə anlaşıb. 2017-ci ildə isə uşaqlığının klubu olan “Feyenoord”a qayıdıb və iki il sonra elə orada futbolçu karyerasına nöqtə qoyub.

[r34]

Mənbə

Robin van Persi “Mancester Yunayted”e qayidir