16.12.2008 / 19:59 xeber –
Gələn ildən magistraturaya qəbul imtahanlarında beynəlxalq test modelləri tətbiq oluna bilər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ayrı-ayrı fənlər və test suallarının məzmunu ilə bağlı elmi-metodik seminarlarını davam etdirir. Sonuncu belə seminar psixometriya üzrə elmi-metodiki məsləhətləşmələrdən ibarət olub. TQDK-dan Lent.az-a bildiriblər ki, Milli Elmlər Akademiyasından və ali məktəblərdən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə keçirilən seminarda yeni modelli test tapşırıqları müzakirə edilib.
Bundan əlavə, beynəlxalq miqyasda geniş istifadə olunan və xüsusən magistraturaya qəbul imtahanlarında tətbiq edilən, lakin Azərbaycanda təsadüf edilməyən yeni test modellərinin istifadəsi barədə fikir mübadiləsi aparılıb. Ekspertlər bu tip sualların növbəti qəbul zamanı magistratura pilləsində tətbiqinin məqsədəuyğun olduğunu bildiriblər.
Müzakirələrin sonunda test tapşırıqlarının qəbul proqramına zidd olmadığı və belə sualların test bankına daxil edilməsinin mümkünlüyü barədə qərar qəbul olunub.
Elxan SALAHOV
mənbə :
lent.az