İçeriğe geçmek için "Enter"a basın

MTN-nin birinci müavini velosiped yürüşündə

22-11-2015

15:58 xeber – Milli Təhlükəsizlik Nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev veloyürüşdə iştirak edib. Nazirin birinci müavini Bakıda keçirilən yürüşdə velosiped sürüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov öz “facebook” səhifəsində bu veloyürüşdən şəkillər paylaşıb.

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən yürüşdə Mədət Quliyev son zamanlar Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələri də şərh edib.

“Ola bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir”, – deyən müavin internet kəsintisinin “Delta Telekom”da qısaqapanmadan yaranan yanğın nəticəsində baş verdiyini də bildirib.

O, hazırda hadisə ilə bağlı araşdırmanın davam etdirildiyini, hadisənin hər hansı aksiya və terror aktı olması ilə bağlı hələlik məlumat olmadığını da diqqətə çatdırıb.

Prezident İlham Əliyevin oktyabrın 17-də verdiyi sərəncamla milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev isə prezidentin oktyabrın 20-də imzaladığı sərəncamla Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Digər sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.



Mədət Quliyev (ortada) veloyürüşdə
Foto: Apa

Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra isə nazirlikdə həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

mənbə :
anspress

MTN-nin birinci müavini velosiped yürüşünde