21:40 xeber – Rusiya mətbuatında Azərbaycanın Rusiya və Qərblə münasibətləri haqqında yazı dərc edilib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Dalma News” saytında yayımlanan məqalədə hər iki tərəflə münasibətlərin müsbət və mənfi cəhətləri, eyni zamanda Azərbaycanın apardığı siyasət haqqında fikirlər yürüdülür.
Bildirilir ki, Azərbaycanın stabilliyə, təhlükəsizliyə, aydın gələcəyə ehtiyacı var ki, Cənubi Qafqaz kimi regionda bu, çox çətindir.
Yazıda “Azərbaycan cəmiyyəti ənənəsinə bağlı, konservativ cəmiyyətdir və qərbin dəyərləri onun üçün yaddır. Ona görə də Azərbaycan öz gələcəyini şimal qonşusu Rusiya ilə sıx əlaqədə görür”, – deyilir və Azərbaycanın Rusiya ilə münasibətləri bu formada izah edilir.
Eyni zamanda ölkəmizin Qərblə münasibətlərinin soyumasına və Rusiyaya meylin artmasına daha bir səbəb kimi ABŞ və Qərbin Azərbaycana qarşı tənqidi münasibəti göstərilir.
Həqiqətən də, xüsusilə son zamanlar ölkədə söz azadlığı, insan haqları, demokratiyanın aşağı səviyyədə olması haqqında tənqidi fikirlər bu “soyuqluğu” daha da artırıb.
Bundan başqa, ABŞ-ın dövlət departamentinin nümyəndəsi Elizabet Tryüdonun Azərbaycanda keçirilən 1 noyabr parlament seçkiləri haqqında çıxışını da unutmaq olmaz. Tryüdo çıxışında bildirmişdi ki, ABŞ Azərbaycanın “lazımi sayda müşahidəçi” qəbul edə bilməməsindən məyus olub.
Elizabet Tryüdo – ABŞ-ın dövlət departamentinin nümyəndəsi
Daha sonra məqalədə Azərbaycanın region ölkələri ilə əməkdaşlığından bəhs edilib. Bu cəhətdən xüsusilə “Şimal-Cənub” dəmir yolunun Azərbaycan-İran-Rusiya arasında əlaqələrə müsbət təsir edəcəyi qeyd edilib.
“Bu yaxınlarda Azərbaycanla İran arasında 5 milyonluq yükün daşınmasını nəzərdə tutan dəmir yolunun inşası haqqında memorandumun imzalanması xüsusilə qeyd edilməlidir. “Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-şərqi Asiya ilə birləşdirəcək. Bu xətt Rusiya-Azərbaycan-İran oxunu canlandıracaq”, – deyə məqalədə bildirilib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi (qırmızı zolaqla qeyd edilib)
mənbə :
anspress