İçeriğe geçmek için "Enter"a basın

Zaqatalalı Xəlilin evindən Niderland kral ailəsinə qədər uzanan MACƏRA DOLU HƏYAT HEKAYƏSİ

18-11-2015


18.11.2015 / 19:30 xeber –

Onlar özləri haqda danışmağı xoşlamırdılar, ya da onlara icazə vermirdilər

Niderland krallığı, Osterveyk şəhəri.

24 fevral, 1945-ci il.

…Onu Niderland Müqavimət Hərəkatının baş qərargahına çağırmışdılar. Təcili qərargaha gəlmişdi. Hansısa vacib əməliyyatamı gedəcəkdi, nədi, özü də tərəddüd içindəydi. Qərargahda ondan başqa daha bir neçə partizan var idi. Amma tərəddüdü bir anın içində yox oldu. Qərargah rəisi tərəfindən ona xüsusi arayış verilirdi. Təltifnaməyə, haradasa diploma oxşayan bir arayış. Orada isə elə beləcə də yazılmışdı. Hə, elə beləcə: “Məmməd Məmmədovla görüşən hər kəs ona hörmət etməli və ehtiram göstərməlidir”.

…Düz 4 il idi ki, evindən-eşiyindən çıxmışdı Məmməd. Tale onu  Qafqazlardan Niderlanda gətirib çıxarmışdı. Bir vaxtlar bəlkə də xəritədə belə görmədiyi bir ölkəyə. İndi bu ölkənin insanları uzaq Zaqataladan bu dağlara gəlib çıxmış “Medo”ya hörmət etməli, ehtiram göstərməliydilər.

Niyə?

Nə üçün?

Kim idi axı bu Medo-Məmməd…

 

Zaqatalanın Muğanlı kəndində, Xəlil kişinin ailəsində anadan olan 21 yaşlı bu cavan oğlan nələr etmişdi ki… Niderlandın  “Cəngəvər Titulu”nu almışdı, bu ölkənin Kral ailəsinin şərəfli üzvü olmuşdu?

 

…Onu əsgərliyə 18 yaşı olmamış çağırdılar. 1945-ci il,  yanvarında. 6 aydan sonra müharibə başlayacaqdı. Əslində müharibə başlamışdı. Faşist Almaniyası Avropanı işğal eləmiş, Sovet sərhədinə dirənmişdi. Almanların SSRİ-yə hücum edəcəyi an məsələsi idi. Bu an isə 1941-ci ilin 22 iyununda yetişəcəkdi. Və həmin o anda isə Məmməd Ukraynanın Don vilayətində idi. Döyüşlərin birində almanların aramsız hücumlarına məruz qalan Məmmədin batalyonu bütünlükdə əsir düşəcəkdi. Bütün sovet əsirləri kimi məşəqqətli həyatı başlaycaqdı. Polşa, Almaniyadakı əsir düşərgələrindən sonra tale onu Hollandiyaya, bu ölkənin Osterveyk şəhərinə gətirib çıxaracaqdı. Və sən demə…

Hə, təəccüblənməyin, Məmməd tək deyildi Ostervekydə. Onunla bərabər onlarla azərbaycanlı əsir də bu şəhərə gətirilmişdi. Sonradan tanınmış araşdırmaçı Elxan Ələsgərova müsahibə verən müharibə veteranı, o dövrün şahidi Mariya Verviers deyəcəkdi: “Həmin əsirlərə alman uniforması geydirmişdilər. Onlar özləri haqda danışmağı xoşlamırdılar. Ya da onlara icazə vermirdilər. Sonradan məlum oldu ki, bu adamlar ümumiyyətlə  rus deyillər, azərbaycanlıdırlar. Onların vətəni Azərbaycanı ruslar işğal etmişdilər. Onlar isə rus torpaqları uğrunda almanlara qarşı döyüşmüş və əsir düşmüşdülər”.

Azərbaycanlı əsirləri Osterveykdəki Teresiya adlanan məktəbdə yerləşdirmişdilər. Yerli əhaliylə demək olar ki, az təmasda olurdular. Əsas işləri isə gecə-gündüz meşədə işləmək, səngər qazmaq, ağac kəsmək, anbar tikmək idi. Mariyanın dediyinə görə, Osterveykdəki əsirləri demək olar ki, hamı tanıyırdı. “Düzdür, biz onların dilini bilmirdik, əl-ayaq hərəkətləri ilə danışırdıq. Amma bir-birimizi anlayırdıq”.

 

Bu yerdə DİQQƏT!

 

Maraqlıdır ki, Mariya  bir neçə əsir azərbaycanlının adını çəkir. Hətta soyadlarını belə söyləyir. Bizim qəhrəmanımızdan, Məmməd Məmmədovdan başqa Mariya Famil Muradov və Cahangir Zeynalovdan bəhs edir. Hətta sonuncunun ləqəbinin “Frans” olduğunu bildirir. Hə, bir də Əli Əliyevin adını çəkir. Əli Əliyev müharibədən sonra Azərbaycana qayıtmayıb, Hollandiyanın Eyndhoven şəhərində qalıb. Orada evlənib, uşaqları var. Biz, bu sətirlərin müəllifi Eyndhovendə olanda bütün cəhdlərimizə baxmayaraq Əli Əliyev və övladları barədə məlumat ala bilmədik.

Elxan müəllimlə görüşdükdə isə, o, maraqlı bir məqama toxundu: Sən demə, o, Tilburq şəhərində yerləşən arxivə müraciət edərək oradan olduqca qiymətli bir sənəd əldə edib. Yerli inzibati orqanlar tərəfindən 1945-ci ilin fevralında tərtib edilmiş bu siyahıda nə az, nə çox 22 azərbaycanlı əsirin adı var. Və həmin sənəddən o da məlum olur ki, bu əsirlər 1945-ci il mayın 3-ə, qədər burada saxlanılıblar. Həmin əsirlərin adlı isə elə beləcədir. Hər halda həmin sənəddə belə yazılıb:

 

Mamedov Rza Mirza oğlu

Addasov Agalu Sahib oğlu

Fətullayev Abilfat Vahab oğlu 

Kasaremov Əli Paşa Əliçan

Oxanov Stepan

Zeynalov Cahanqir Çamal oğlu

Əliyev Şaxmalı Allaxverdi oğlu

Həsənov Kamal Həsən oğlu

Məmmədov Mexralı İskəndər oğlu

Nagiyev Hidayət Mexti oğlu

Xulaleyev Xulalu Rufulla oğlu

Muradov Famil Xanəhməd oğlu

Qəmbərov Yaxya Nasrulla oğlu

Agayev Agadaşa

Nagiyev Niftella Yadulla oğlu

Allaxverdiyev Allaxverdi Həsənqulu oğlu

İbrəhimov Seyfulla İbraqim oğlu

Xalukov Bibiqulu Raquf oğlu

Məmmədov Məmməd Xəlil oğlu

Səmədov Mexti Abas oğlu

Xudaverdiyev Ağaverdi İrqa oğlu

Naziriam Nağayi Aleksandriy oğlu

 

 

 

Bu adları oxudunuzmu? Bəlkə babanızdır, əminizdir, hansısa qohumunuzdur? Onların bəziləri barədə konkret məqamlar da var. Məsələn, Quba rayonunun Yenikənd qəsəbəsindən olan Hüseynov Rəhman Ələsgər oğlu, Göyçay rayonunun Potu kəndindən olan Ağayev Xudaverdi, Cəbrayıl rayonunun Süleymanlı kəndindən əsgərliyə çağrılmış Məmmədəli Ağayev və Məmməd Müzəffərov, Bakının Bülbülə kəndindən olan Ələkbər Əliyev.  Diqqətlə oxuyun bu siyahını, yaxınlarınızı tapa bilərsiz.

 

***

Hə, tanınmış teleaparıcı Kanevskinin məşhur deyimi kimi çıxmasın, bu artıq başqa əhvalatdır. Biz “Medo”dan, Məmməd Məmmədovdan danışırdıq axı.

Məmməd də həmin vaxt Osterveykdəydi. Müharibə zamanı göstərdiyi qəhrəmanlıq və Hollandiyanın müharibədən sonrakı yenidənqurma işlərində xidmətlərinə görə, bu ölkənin Kraliçası tərəfindən ən yüksək hərbi ordeni – “Oranc-Nassau Kral ailəsinin Cəngavəri”, “Müqavimət döyüşçüsü” və “Sədaqətli Xidmət” medalları ilə Kraliça tərəfindən təltif edilmiş, həmçinin 26 minlik Osterveyk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görüləcəkdi. Amma bütün bunlar sonralar olacaqdı. Hələlik isə…

Hələ 1943-cü ildir. Hələ ona əfsanəvi “Medo” ləqəbini verməyiblər. Bütün Niderland krallığında “Medo” adıyla məşhurlaşmağına hələ var…

Ardını gözləyin. Çox maraqlı olacaq.

Səbuhi Məmmədli, Eyndhoven, Hollandiya

 

 

(Bu yazılar  Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb)

mənbə :
lent.az

Zaqatalalı Xelilin evinden Niderland kral ailesine qeder uzanan MACƏRA DOLU HƏYAT HEKAYƏSİ