İçeriğe geçmek için "Enter"a basın

“Yeməyin içindən bolt çıxdı” - PEŞƏ ADAMININ BİR GÜNÜ

10-11-2015


10.11.2015 / 13:07 xeber –

“5 uduzlu” aşpaz Rəşad: “Kəşf etdiyim yeməklər də var”

O gün Rəşad evdə tək qalmasaydı… bu günün sayılıb-seçilən aşpazlarında ola bilməyəcəkdi.

 

Lent.az-ın “Peşə adamının bir günü” rubrikasının bugünkü qonağı aşpaz Rəşad Ağayevdir.

 

İlk yemək bişirdiyində 14 yaşı olub. Deyir, həmin günü evdə tək olduğundan özünə yemək hazırlamalı olub. Mətbəxə keçib və toyuq şorbası bişirib.

 

– Əvvəl özüm yedim. Çox xoşuma gəldi. Sonra evdəkilər. Həvəsə gəldim. Rəhmətlik dayım Şahhüseyn Kərimov ölkənin tanınmış aşpazlarından idi. Yanına gedib dedim ki, aşpaz olmaq istəyirəm. Qaşlarını çatıb üzmə baxdı: “Ciddi istəyirsən, yoxsa həvəsdi?”. Dedim, qəti fikrimdi. Aşpaz olacam!

 

Olur da. Həmin gündən dayısının yanında öyrənməyə başlayır. Ustadlarından Azərbaycan milli mətbəxinin sirlərini mənimsəyir.

 

– Bir qədər keçəndən sonra daha bir restoran açdılar. Məni də ora aşpaz göndərdilər. Bir neçə il oranı işlətdim. İşlər çox yaxşı gedirdi. Müştərilər yeməklərimdən razı qalırdılar. Sonra buranı açdılar. Gəldim.

 

Hazırda Rəşad İçərişəhərdə, tanınmış restoranlardan birinin baş aşpazıdır. Özü də “5 ulduzlu” aşpazdır. Ulduzları onlara kimsə təqdim etmir. Baş aşpaz olanda avtomatik ulduzlar beşə qalxır.

 

Hazırda Rəşadın mətbəxindəyik. Nahar vaxtı bitib. Özümüz belə saat seçdik ki, müştərilərin sıx vaxtına düşməyək. Mətbəxdə 3 nəfərik. Mən, usta aşpaz və fotoqrafımız Fəxrəddin. Formamızı geyinib, işə başlayırıq. Mənim formam sadədir. Rəşadın formasının üstündə müxtəlif ölkələrin bayraqları var. Deyir, mətbəxinə bələd olduğu ölkələrin bayraqlarıdır.

 

– Papaq taxmaq şərtdi?

 

– Bəs nə?! Aşpazın başından yeməyə kəpək düşə bilər. Kəpək insan orqanizmi üçün çox zərərlidir.

 

Dinməzcə papağı taxıram. Biz aşpaz, Fəxrəddin isə müştərimizdir. Sifariş alıram. Nar qovurma istəyir: “Nar qovurma. Çuqundur püresi ilə”.

 

Lazımı olacaq ərzaqlar: Quzu qabırğası, kök, soğan, dənələnmiş nar, qoz ləpəsi, çuqundur püresi.

 

Rəşad iş masamızın üstünü lazımı olacaq tərəvəz və qab-qacaqla doldurur. Hərəmizə ayrıca doğramaq üçün taxta düzür. Ən balaca bıçağı mənə verib, özü ən böyüyünü götürüb başlayır quzu qabırğasını doğramağa. Hər birində iki qabırğa olmaqla əti iki tikə ayırır.

 

– Közdə bişirəcəksiniz?

 

– Yoo, qızardacam.

 

Mən kökləri soymağı tapşırır. Özü isə ətin yağlı hissəsini ayırır. Sümüklərin üstünü sellofan, sonra falqaya bükür. Qızaranda sümük qaralmasın deyə. Əks halda, bu aşpazın peşəkarlığına xələl gətirər.

 

Fikri-zikri doğradığı ətdədi.

 

– Müştəriləriniz çox olur. Necə çatdırırsınız?

 

– Mən tək deyiləm axı. Burda məndən başqa da aşpazlar var. Mən baş aşpazam.

 

– Baş aşpazın əsas işi nədi?

 

– Mətbəxə cavabdehəm. Yeməkdə qüsur varsa, mənim günahımdı. Gərək nəzarətsiz qoymayım. Yeməyin dadına, duzuna, süfrəyə verilişinə baxıram.

 

– Müştəri daim haqlıdı?

 

– Mübahisəsiz. Nə olursa olsun, müştəri haqlıdır.

 

– Narazı müştəriniz olur?

 

– Olanda olur. Amma adətən razı yola salırıq. Daimi müştərilərimiz var.

 

– Əsas hansı yeməyə görə gəlirlər?

 

– Çoxdu. Bir-biri belə saya bilmərəm. Səhər yeməyində sırf mənim hazırladığım pomidor-yumurtanı yemək üçün gələnlər var. Deyirlər, məndə əla alınır. Bir mənim öz kəşfim olan quru şərbət şirniyyatı var. Bunu ancaq bizim restoranda dadmaq olar.

 

– Yeməklərinizdən tük çıxıb?

 

– Kimsə bundan sığortalanmayıb. Çıxa bilər. Aşpazın başında papaq olur. Onun saçından düşməz, yemək süfrəyə apararkən ofisiantın başından düşə bilər. Müştərinin öz saçının belə düşmə ehtimalı var. Elə yemək olub ki, içindən bolt da çıxıb.

 

Fəxrəddinlə eyni anda təəccüblə:

 

– Bolt?

 

– Hə, bolt. Elə yemək var ki, xüsusi qapaqlı qabda təqdim olunur. Qapağın tutacağının boltu boşalıb və yemək süfrəyə aparılan zaman içinə düşüb. Təbii ki, həmin yeməyi müştəriyə verməmişik. Yenisi hazırlanıb. Heç kim istəməz mətbəxində belə şeylər olsun. Amma təəssüf ki, olanda olur. Nə etmək olar?!

 

Kökdən sonra qırmızı soğanı da soyuram.

 

– Qırmızı soğan daha dadlı olur?

 

– Faydalıdır. Həm də bişəndən sonra acılığı qalmır.

 

Əvvəl tavada əti qızardır. Ardınca tərəvəzləri: qırmızı soğan, kök, qoz. Tavanı sobanın üstündən tez-tez götürüb havada yelləyir. Tərəvəzlər tavada atılıb düşür. Bayırda havanın soyuq olmasına baxmayaraq mətbəxdə istidən durmaq olmur.

 

– Hər adamın işi deyil aşpaz olmaq. Yayda buranı təsəvvür edin, sobaya yaxın düşmək olmur.

 

Rəşadın 23 yaşı var. İndiyə qədər bir neçə ölkədə keçirilən müsabiqələrə qatılıb. Tək və komanda şəklində. Hər dəfə də qələbəylə vətənə dönüblər. Bir neçə dövlət tədbirlərində də iştirak edib. İtaliya səfərini yadına salıb gülür.

 

– Azərbaycan günləri keçirilirdi. Mənə dörd yüz nəfərlik dovğa bişirməyi həvalə etmişdilər. Necə oldusa, dovğanı çürütdüm.

 

– Aaaa!

 

– Göy-göyərti qatıb bir təhər vəziyyətdən çıxdım. İtalyanlar anlamadılar. Özümüzünkülər bildilər (Gülür).

 

– Xaricilərdən söz düşmüşkən, əsasən hansı yeməkləri yeyirlər?

 

– Pitini çox sevirlər. Ətin saxsı qabda bişməsi onlara çox qəribə gəlir.

 

Ət və tərəvəzin qızarması o qədər də çox vaxt aparmır, nəinki ətin hazırlanması və yeməyin dizayn edilməsi. Tavaya çuğundur püresi tökür. Qızarmış ətləri baş-başa qoyur. Alınmır. Yenidən düzəldir. Kök püresindən nöqtələr qoyur. Bu, aşpazların müştərisinə gizli mesajıdır. Yəni, mən ustayam! Tək sayda nöqtələr aşpazın peşəkarlığını göstərir. Cüt nöqtələr isə o deməkdir ki, aşpaz hələ naşıdır. Öyrənir.

 

Rəşaddan evdə yemək bişirib-bişirməyiniz soruşuruq.

 

– (Gülür). Yooo. O vaxt evdə bişirdiyim toyuq şorba birinci və axırıncı yemək oldu. Səhər onun yarısı işə gəlirəm, axşam on birdə çıxıram. Birincisi, vaxtım da olmur. Olsa belə, yemək bişirmək mənim işimdi. Evdə də işləyəcək deyiləm ki?

 

– Aşpazların peşə xəstəliyi nədi?

 

– Bütün günü ayaq üstə qalır deyə, ayaqlara çox yük düşür. Müəyyən yaşdan sonra bu istidə sobanın yanında da dura bilmirlər. Ona görə də mütəmadi idmanla məşğul oluram. Düşünürəm ki, yaşlanandan sonra hər hansı bir şirkətdə texnoloq kimi işləyəcəm. Qidaların texnologiyasını yaxşı bilirəm.

 

– Aşpaz həm də kababçıdır?

 

– Yox. Aşpaz kababçının bişirdiyi kababı bişirə bilməz. Kababçı da aşpazın bişirdiyi yeməyi.

 

Formamızı çıxarıb yuxarı qalxırıq. Rəşad ehtiyatla dizayn etdiyi tavanı masaya qoyur. Qabırğalar baş-başa veriblər. Yanında da tərəvəzlər. Nuş eləməyə hazırdırlar. Yeməkdən sonra isə masaya Rəşadın kəşfi, quru şərbət gələcək.

 

mənbə :
lent.az

“Yemeyin içinden bolt çıxdı” – PEŞƏ ADAMININ BİR GÜNÜ