20:47 xeber – “Azərbaycanda dəmir yollarının mühafizə ərazisində tikilən qanunsuz tikililər söküləcək”.
Bu barədə ANS PRESS-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, dəmir yollarının mühafizə ərazisində yerləşən qanunsuz tikililərlə bağlı qurum hələ Nəqliyyat Nazirliyinin tabeliyində olarkən Nazirlər Kabinetinə müraciət edilib və QSC sənədləri kabinetə göndərib. Hazırda qurum veriləcək qərarı gözləyir.
Xidmət rəhbəri Azərbaycanda ümumilikdə 2840 qanunsuz tikili olduğunu, bunlardan 2304-ünün yaşayış obyekti, 536-sının isə qeyri-yaşayış obyekti olduğunu bildirdi.
Onun sözlərinə görə, siyahı hazırlanarkən həmin ərazidəki sakinlərlə görüşülüb, daha sonra müraciət hazırlanıb:
“Nazirlər Kabinetində bizim müraciətimizə baxdılar və bildirdilər ki, bu obyektlərdən 883-ü təcili şəkildə sökülməlidir. Ancaq buna baxmayaraq bu tikintilər bu gün də davam edir. İcra Hakimiyyətləri və bələdiyyələr tikintiyə razılıq verir və sakinlər də tikirlər. Qeyri qanuni evlərin əksəriyyəti paytaxtdadır. Ərazidə yaşayan vətəndaşların kanalizasiya xətlərinin çıxışı dərmir yol xəttinə çıxır, tullantılarını dəmir yol xəttinin keçdiyi xəttin düz ortasına atırlar. Dəfələrlə olub ki, bizim əməkdaşlar qatarı dayandırıb xəttin ortasındaki zibilləri təmizləyib sonra həmin qatarları yola salmışıq”.
Nadir Əzməmmədov – Dəmir Yolları QSC-nin mətbuat katibi
Nadir Əzməmmədov bu cür tikililərin fəsadlarını da açıqladı: “Məsələn Şanxay adlanan ərazidə qatarlar ən aşağı sürətlə hərəkət edir. Həmin ərazidə yanğın baş versə, yaxud qəza baş versə, qurum həmin əraziyə texniki qatar göndərə bilməyəcək. Həmin ərazidən aviabenzin də daşınır. Bu aviabenzin qatarlarında hansısa problem yaransa nəticəni təsəvvür etmək heç də çətin deyil.”
Məsələ ilə bağlı Bakı Hüquq Müdafiə Mərkəzinin sədri, hüquqşünas Tahir Əlirzayev ANS PRESS-ə bildirdi ki, Bakı şəhərində heç kim öz başına razılıq olmadan tikinti işi apara bilməz:
“Hazırda dəmir yolu mühafizə zolağına düşən tikintilər qanunsuz tikintilər sayılsa da bunlar vaxtı ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Dəmiryol idarəsinin müvafiq rəhbərlərinin razılaşması əsasında olub. Bütün məsuliyyət həmin tikintiyə icazəni verən şəxslərin üzərinə düşür. Düzdür hazırki dövrdə mülki məcəlləyə görə həmin şəxslərin evi qanunsuz hesab edilir. Ancaq düşünürəm ki, həmin şəxslərin evləri sökülərkən onlara kompensasiya ödənilməsə həmin şəxslərin hüquqları pozulmuş olacaq. Çünki bu vətəndaşlardan bəziləri on ildən artıqdır ki, həmin ərazidə yaşayır. Onlardan kommunal xərclər tələb edilməsi, bu şəxslərin həmin ödənişləri həyata keçirməsi icra hakimiyyəti orqanlarının bu vətəndaşların həmin ərazidə yaşamasını təsdiq etdiyini sübut edir. Burada bütün günah icra hakimiyyəti əməkdaşlarınındır. Çünki vətəndaş qeyri-qanuni ərazidə ev tikmək niyyətini bəlli etdiyi zaman müvafiq qurum buna göz yumur. Vətəndaşın həmin ərazidə tikinti aparmasına mane olmaldır. Əgər maneəçilik törətmirsə bu, o deməkdir ki məsələ razılaşdırılıb”.
Tahir Əlirzayev – Bakı Hüquq Müdafiə Mərkəzinin sədri
Hüquqşünas məsələnin çıxış yollarını da göstərdi: “Mövcud qanunvericiliyə, daha dəqiqi bütün bu halları özündə ehtiva edən mülki məcəllənin 180-cı-qanunsuz tikililərlə bağlı maddəyə dəyişiklik edilməlidir. Hətta inzibati xətalar məcəlləsində və cinayət məcəlləsində də dəyişiklik etməklə də müəyyən irəliləyiş əldə etmək olar. Həm də icra hakimyyətinin əməkdaşları ilə bağlı da normalar nəzərdə tutulmalıdır. Burada hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuzluğu da kifayət qədər çoxdur”.
Ümumiyyətlə, dünya təcrübəsinə baxsaq görərik ki, Avropa ölkələrində dəmir yolları ərazilərində qeyri qanuni tikililərə rast gəlmək çox çətindir. Məsələn Almaniya höküməti bu məsələyə xüsusi diqqət yetirir və dəmir yollarının nəinki 20-30 metrliyində, hətta 300-400 metrliyində də tikinti aparılmasına icazə vermir. Xətlərə yaxın ərazilərdə tikinti aşkarlandığı halda isə vətəndaş yeni bir ərazidə evə yerləşdirilir və addımı atan məmurlar ciddi şəkildə cəzalandırılır. Hətta bununla bağlı Avropa Məhkəməsinin qərarı var. Qərarda daimi yaşayışını sübut edən dəlillər (kommunal xərclər) olduğu təqdirdə bu evlər qanunsuz tikili hesab edilə bilməz.
Azərbaycanda isə Nazirlər Kabinetinin qərarına əsasən dəmir yollarına yaxın ərazinin düz hissələrində tikinti, relsin keçdiyi ərazidən ən azı 20-22 metr uzaqlıqda olmalıdır.
Ölkəmizdə bütün bu xoşagəlməz vəziyyətlərdən yaxa qurtarmağın üç yolu var. Birincisi müvafiq icra hakimiyyəti qurumları işinə məsuliyyətlə yanaşmalıdır. Müəyyən maddi qarşılıq əvəzində insanların həyatını təhlükəyə atmamalıdır. Yəni maddiyat istəyinin yanında vicdan amili də olmalıdır.
İkinci yol odur ki, həmin qayda pozuntusuna yol verən məmurlara qarşı qadağalar sərtləşdirilməlidir. Düzdür Cinayət Məcəlləsində bu mövzunu əhatə dairəsinə alan “308-ci- vəzifə səlahiyyətlərindən sui-istifadə, tikinti normalarının pozulması” və 314-cü-“Səhlənkarlıq” maddələri var. Sadəcə həmin maddələri əsas götürərək vətəndaşlara bu razılığı verən şəxsləri ciddi şəkildə cəzalandırmaq lazımdır.
Üçüncü yol isə vətəndaşın özünü qayğısına qalmasından keçir. Dəmir yolunun keçdiyi ərazidə yaşayan insanlar anlamalıdır ki, bu yollardan hər gün qatarlar keçir və onlar hər dəqiqə təhlükə ilə üz-üzədirlər. Hər kəs birinci özünün və ailəsinin təhlükəsizliyini nəzərə almalıdır. Əks halda həm pul vermiş olur, həm də təhlükə ilə üz-üzə qalır.
Dəmir yolu ərazisindəki evlər
mənbə :
anspress