06.11.2015 / 18:41 xeber –
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib.
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyevin idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində onun sərnişini, sürücünün qardaşı olan 40 yaşlı Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, qəzaya düşən şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir. Qəzada həyatını itirən Ziyad Əliyev Alar kəndində fermer təsərrüfatının sahibi olub. Onun qardaşı Zaur Əliyev isə Bakı şəhərində yaşayır və kiçik bizneslə məşğul olur.
*****
12:22
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 141-ci kilometrliyində yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonunun Alar kənd sakini 1978-ci il təvəllüdlü Zaur Alxan oğlu Əliyevin idarə etdiyi “Prado” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildəki şəxsləri çıxarıblar. Güclü zərbə nəticəsində sürücünün yanında olan qardaşı, 1975-ci il təvəllüdlü Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından təcili yardım maşınında Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
**
11:26
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Ələt-Astara yolunun 141-ci kilometrliyində “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə məlumat daxil olub. Lent.az nazirliyə istinadən xəbər verir ki, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:20-də başa çatıb.
Qeyd edək ki, qəzada avtomobildə olan sərnişin vəfat edib.
mənbə :
lent.az