19:00 xeber – Azərbaycanın geri çağırılan İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədovun yerinə təyinat olub.
ANS PRESS-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Nazirlik tərəfindən təşkilatın Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.
Məlumata görə, noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilib.
Yeni səfir vəzifəsinin icrasına dekabrın 1-dən başlayacaq.
Akşin Mehdiyev – Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri
Səfir A. Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə BMT yanında daimi nümayəndəsi olub. Bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi Arif Məmmədov olub.
A.Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.
Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Daha sonra Arif Məmmədov Norveçdən sığınacaq istəyib. Sabiq diplomat Arif Məmmədovun korrupsiya əməlləri ilə bağlı məlumatlar ortaya çıxmışdı. Onun haqqında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Arif Məmmədov – İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri
A.Məmmədov bir müddət əvvəl öz facebook səhifəsində vəzifəsindən azad edilən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov barəsində iddialar yazmışdı.
“Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş, lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb. Bu işdə ona başqa bir qohumu – “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib”,- deyə keçmiş səfir yazıb.
mənbə :
anspress