15:22 xeber – Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır.
Azadlıq.az xəbər verir ki, anspress-in APA-ya istinadla verdiyi məlumata görə, bunu komitə sədri Mübariz Qurbanlı bildirib.
Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.
Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.
Xatırladaq ki, bir müddət öncə bir neçə falçı dələduzluq etdiyi üçün həbs edilib. Ötən ay ilanla fala baxdığını deyən, Bakıda məşhur ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinib.
T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.
Tamilla Salamova
Avqust ayında isə məmurların dostu olan falçı Saraxanım Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bir zamanların tanınmış ekstraseslərindən olan, “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. O da dələduzluqda ittiham edilir.
Həzrəti Sabir
mənbə :
anspress