22:26 xeber – Tərtərdəki mağazalardan birinin sahibi satdığı ərzaq məhsullarının müqabilində ona saxta pul verildiyini anladıqdan sonra ərizə ilə rayon polis şöbəsinə müraciət edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sahibkarın şikayəti əsasında əməliyyat keçirən polis saxta pul hazırlayanın Tərtərin Əskipara kənd sakini Fərid Məmmədli olduğunu aşkar edib. Fərid pulları elə evdəcə, şəxsi printeri vasitəsi ilə hazırlayırmış.
“Birinci skaynerdə sağ tərəfini çap edirdim, printerdə sonra sol tərəfini ülgücnən kəsirdim” – deyə saxta əskinaz hazırlamaqda təqsirləndirilən Fərid Məmmədli bildirib.
Fərid Məmmədli – saxta pul hazırlayan şəxs
İstintaq zamanı məlum olub ki, Fərid saxta pulların az qismini özü xərcləyib. Hazırladığı saxta əskinazları müəyyən məbləğ müqabilində tanışına satıb. Saxta pulları alan Səxavət Axundlu isə həmin pul vasitəsi ilə Tərtərdə eyni mağazadan iki dəfə siqaret aldığını deyir.
Polis çap olunan saxta əskinazları və printeri maddi sübut olaraq götürüb.
Fərid Məmmədli polisə ifadəsində 567 manat saxta əskinaz çap etdiyini deyib
“Fərid Məmmədlinin dediyinə görə 567 manat pul çap edib. Həmin pulların yarısı Fərid Məmmədlinin öz üzərindən, yarısı da Səxavət Axundlunun evindən aşkar edilərək götürülüb”, – deyə Tərtər rayon polis şöbəsinin müstəntiqi Elvin Kərimli bildirib.
Hazırda polis saxta əskinazların dəqiq miqdarını və başqa şəxslərə də zərər dəyib dəymədiyini araşdırır.
mənbə :
anspress