İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ" rusların gözü ilə

31-10-2015

15:03 xeber – “Rossiya 24” telekanalı Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərdən bəhs edən süjet hazırlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Azərbaycan futbolu başını qaldırır” adlı 3 dəqiqəlik süjetdə əvvəlcə “Qarabağ”ın uğurlarından danışılıb.

Reportajda Ağdam təmsilçisinə Bakıdakı 0:1 hesablı məğlubiyyətdən sonra Belçika “Anderlext”i rəhbərliyinin narazı azarkeşlərə kompensasiya ödəməsi xatırlanıb. “Qarabağ”ın “Rəvan”la Azərbaycan Premyer Liqasındakı X tur qarşılaşmasında Vüqar Mustafayevin vurduğu gözəl qolu nümayiş etdirən telekanal ikiqat ölkə çempionunun həm daxili, həm də Avropa miqyasındakı uğurlarının təsadüfi olmadığını qeyd olunub.

Baş məşqçi Qurban Qurbanov verdiyi müsaibədə hələlik komandada işlərin pis getmədiyini açıqlayıb.

Daha sonra bildirilir ki, ekspertlər Azərbaycan futbolunun yeni və parlaq hüdudları aşacağına əmindirlər. Birbaşa ölkə rəhbərliyinin nəzarəti altında “Futbolun İnkişafına dair Dövlət Proqramı”nın hazırlandığı vurğulanıb.

“Dalğa Arena” ərazisində salınmış Azərbaycan yığmalarının təlim-məşq bazasında “Neftçi”nin əvəzedici heyətinin hazırlıq prosesi də süjetdə əksini tapıb. “Qarabağ”la yanaşı, “Qəbələ”nin də bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı xatırladılıb, İngiltərə “Mançester Yunayted”inin AFFA ilə müqavilə əsasında Bakıda futbol məktəbi açdığı bildirilib.

Sonda Bakının AVRO-2020-ni təşkil edəcək 13 şəhərdən biri olduğu və Azərbaycan millisinin də final mərhələsində oynaya bilməsi üçün lazımi infrastrukturun hazırlandığı vurğulanıb.

“Rossiya 24” kanalının “Qarabağ” klubu haqqında hazırladığı reportaj

mənbə :
anspress

“Qarabağ” rusların gözü ile