21:41 xeber – Avropa təşkilatları noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot etmək niyyətindədir. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) və AŞPA-nın seçkilərə müşahidəçi göndərməkdən imtina etməsi buna işarədir.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, DİİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək istəsə də, Azərbaycan onların sayını müvafiq olaraq 6 və 125 müşahidəçi ilə məhdudlaşdırıb.
Belə ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası ümumilikdə 46 ölkədən 426 beynəlxalq və 3 mindən çox yerli müşahidəçini qeydiyyata alıb.
Xarici mətbuatda Avropa təşkilatlarının bu addımı birmənalı qarşılanmayıb. Bildirilib ki, Avropa belə etməklə müəyyən məsələlərdə onunla razılaşmayan, ona etiraz etməyə “cürət edən” Azərbaycana cavab verib. “Eyni zamanda ATƏT bununla rəsmi Bakının ölkəsində təşkilatın ofisinin bağlamasına da etiraz etmiş olub”.
Bununla belə, qeyd edilib ki, istənilən halda Azərbaycanda seçkilər baş tutacaq və ölkə hakimiyyəti bu seçkilərin pozuntusuz və dinc keçməsi üçün əlindən gələni edəcək.
“Eyni zamanda, məlumdur ki, hakim partiya qalib gələcək. Çünki Azərbaycan müxalifəti zəifdir. Həmçinin regionda geosiyasi və terror təhlükəsi var. Bu səbəbdən hakimiyyətə tənqidi münasibətdə olanlar da xarici qüvvələrin hakimiyyəti zəiflətməməsi üçün onun ətrafında birləşirlər”.
Daha sonra Qərbin Azərbaycana və ölkədə baş verənlərə birtərəfli münasibətindən danışılır. “Lakin DİİHB və AŞPA qiyabi də olsa seçkiləri asanlıqla ədalətsiz adlandıra bilər. Hətta Azərbaycanı qınamalı bir səbəb olmasa belə”, – deyən analitiklər bunu Azərbaycanın müstəqil siyasəti, hər deyilənlə oturub-durmaması ilə izah edirlər. “Yəni ki, müşahidəçilərin göndərilməməsinin səbəbi də məhz budur”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də DİİHB müşahidəçilərinin gəlməməsinə münasibət bildirib. “9,5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana DİİHB-nin 400 müşahidəçi göndərməsi məntiqi deyil”, – deyən Hikmət Hacıyev əlavə edib ki, DİİHB bu qərarına görə Azərbaycandakı seçkiləri şərh edə bilməyəcək.
Hikmət Hacıyev – Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri
mənbə :
anspress