22.10.2015 / 10:46 xeber –
Sumqayıt şəhər polis idarəsinin əməliyyatçıları istədiyi qızı zorla qaçıran şəxsi saxlayıblar. Ceyranbatan bağlar massivində yaşayan Şıxəli Soltan oğlu Əsədov 19 yaşlı qızının qaçırıldığı barədə polisə məlumat verib. Məlum olub ki , qız qonşuluqda yaşayan 21 yaşlı Azər Əbdüləzimov tərəfindən qaçırılıb. Qızı nişanda görən Azər evdə video görüntüyə təkrar-təkrar baxdıqdan sonra onda məhəbbət hissinin yarandığını bildirib. Qızla bir neçə dəfə telefonla danışdıqdan sonra qızı doğulduğu Şabran rayonuna qaçırmağı planlaşdırıb.
“Nişanda görmüşəm, maraqlanmışam, bəyənmişəm. Qızın əlindən tutub oturtmuşam maşına. Oradan da aparmışam rayonumuza”.
Qaçırılan qız Azərə atasının razılığı olmadan evlənməyə razılıq verməyəcəyini bildirib. Polis onların qaldığı yeri müəyyən edəndən sonra Azər Əbdüləzimov saxlanılıb, 19 yaşlı qız isə girovluqdan azad olunaraq valideynlərinə təhvil verilib. Hazırda Sumqayıt Şəhər Polis İdarəsində adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Qarşı tərəf şikayət ərizəsini götürməyəcəyi təqdirdə Azər Əbdüləzimov Cinayət Məcəlləsinin 144-cü, adam oğurluğu maddəsi ilə təqsirli bilinərək ən azı 8 il azadlıqdan məhrum edilə bilər.
mənbə :
lent.az