21.10.2015 / 14:54 xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk olaraq şahid qismində Nurlan Tağıyev ifadə verib.
N. Tağıyev TIR sürücüsü olduğunu qeyd edib: “Mən bir dəfə Balaxanıya gedib, mal yığıb aparmışam. Həmin malları Eldəniz Axundovun (Şərurlu İsfəndiyarın qardaşı oğlu) obyektinə aparmışam. Həmin malların hamısı mebel olub”.
Şahid qismində Əmirxan Əmrahov ifadə verib. O, ifadəsində Sədərək Ticarət Mərkəzində işlədiyini bildirib: “Şampun, yuyucu tozlar satırdım. Araz bir neçə dəfə mənə mal gətirib, götürüb satmışam. Mənə malı 20-30 qəpiyə verirdi. Mən də həmin malı 50 qəpikdən topdan satırdım. Ümumilikdə Arazla 15 min manatlıq alver etmişik. Malların çoxu əzik gəlirdi”.
Məhkəmədə şahid qismində “Sərhəng C” MMC-nin direktoru Əfqan Əliyev ifadə verib. O, ifadəsində Araz Eyvazovu heç zaman görmədiyini bildirib. “Masallıda işləyirəm. Firma işləriylə məşğulam. Yuyucu toz, sabun satıram. İrandan mal gətirib, Bakıda paylayırdıq. Araz mənim sənəd işlərimi görürdü”.
Şahid hakimin suallarını cavablandıra bilməyib. Belə ki, şirkət rəhbəri üzünü görmədiyi şəxsə etibarnamə verməsini izah edə bilməyib. O, heç İrandan hansı malı gətirdiyini, tozun adını açıqlaya bilməyib. Heç bir vergi vermədiyi, ümumilikdə heç nədən xəbərinin olmadığı məlum olub. O, heç şirkətin möhürünün yerini bilməyib. Hakim və prokurorun suallarına cavab verə bilməyən şirkət rəhbəri məhkəmə zalında özündən gedib.
Əfqan Əliyevdən sonra şahid qismində “Raket servis” MMC-nin direktoru Rauf Quliyev ifadə verib. O, ifadəsində İrandan mal gətirdiyini, Ağcabədidə yaşadığını qeyd edib. “Malları gətirmişəm, işçim olmayıb. İranda olmamışam. Araz Eyvazovu tanımıram. Ona Bakıda notariatda etibarnamə vermişəm”.
Təqsirləndirilən Araz Eyvazov Rauf Quliyevi görmədiyini bildirib.
Rauf Quliyev hakim və dövlət ittihamçısının sualları qabağında aciz qalıb. Ömründə Azərbaycandan çıxmadığı bildirsə də, ittiham aktında şirkətin Türkiyənin Bursa Sənaye şirkəti ilə 66 min 700 manatlıq müqaviləsini və bunun qarşılığında yuyucu toz alındığı bildirilib.
Rauf Quliyev şirkətinin möhürünün yerini bilmədiyi deyib.
Rauf Quliyevdən sonra “Elvin C” şirkətinin direktoru və təsisçisi Afəddin Həşimov ifadə verib. O, ifadəsində Masallıda yaşadığı bildirib. “Masallıda yuyucu malları, pampers işinə baxmışam. İrana gedib mal alırdım. 500 min manatla İrana gedib, mal almışam".
Prosesə sədrlik edən Azad Məcidov hər 3 şirkət rəhbəri barəsində prokurorluğa məlumat veriləcəyini bildirib.
Araz Eyvazov qeyd edib ki, bu 3 şirkətin adından mallar gəlib. “Mən bu şəxslərin heç birini tanımıram. Yəqin ki, bu yazıqların adlarına açılıb firmalar. Mən işlərimi Alqayıt, Sunay adlı şəxslərlə görmüşəm”.
Hakim adları çəkilən şəxslərin məhkəməyə gətirilməsini istəyib. Ancaq həmin şəxslər istintaq zamanı dindirilməyib və şahidlər siyahısında adı yoxdur.
Məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.
Qeyd edək ki, prosesdə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar. Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
mənbə :
lent.az