20.10.2015 / 19:39 xeber –
Azərbaycan prezidenti İlham Əliyevin sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması ilə bağlı qanunvericilik təşəbbüsü iş adamları tərəfindən razılıqla qarşılanıb. Sahibkarlar bu addımın ölkədə istehsal və xidmətlərin həcminin, keyfiyyətinin yüksəlməsinə təkan verəcəyini düşünürlər.
Sahibkar Natiq Sənayev iş adamlarının bu qərarı çoxdan gözlədiyini deyir: “Çox gözlədiyimiz bir qərar idi. Çox sevindik. Vəziyyət çox pis idi, bunu hamı bilir. Bezdirmişdilər. O gəlir, bu gəlir, bilmirsən hansı təşkilatdır. Min dənə təşkilat gəlirdi, işləməyə imkan vermirdilər. Məcbur olub dükanları, mağazaları bağlayırdıq. Mən keçən il iki mağaza bağlamışam. 10-15 işçi işdən azad eləmişəm. Çatdıra bilmirdik. Bir tərəfdən maaşı verə bilmirsən, digər tərəfdən də gəlirlər ki, pul ödə. Nə qədər ödəmək olar? Dövlətin vergisidir, bunu hamı verməlidir. Ona biz hazırıq. Düzgün qaydada, normal qaydada”.
Sahibkarlar həm də hesab edir ki, prezidentin təşəbbüsü bazar iqtisadiyyatı sistemində işləyən ölkə üçün çox uğurlu addımdır. İş adamı Yusif Əfəndizadə hesab edir ki, bu qərar orta və kiçik sahibkarlığın inkişafında mühüm rol oynayacaq: “Mən düşünürəm ki, sahibkarlığın inkişafında, əsasən də orta və kiçik sahibkarlığın inkişafında bu sərəncamın çox böyük rolu olacaq. İqtisadiyyatın inkişafı üçün atılan bu addım gələcəkdə də bazar iqtisadiyyatı sistemində işləyən ölkə üçün çox uğurlu addım olacaq. Əvvəllər müxtəlif dövlət orqanlarından yoxlamalar tez-tez gəlirdi. Bugünkü qərardan sonra ümid edirəm ki, bu yoxlamaların sayı azalacaq. Yaxud da tamamilə ləğv olunacaq”.
İş adamları artıq fəaliyyət göstərmək üçün əngəllərin aradan qalxacağını bildirir. Sahibkar Məzahir Məcidov da lazımsız yoxlamaların iş adamlarının işinə əngəl törətdiyini deyir: “Prezidentin sərəncamı bizə də köməyi oldu. Lazımsız yoxlamalar gəlirdi. Təşkilatlar tez-tez gəlirdilər yoxlamalara, tez-tez bizim işimizə maneçilik törədirdilər. İndi bizə işləmək daha rahat olacaq”.
Şəhər sakinləri də prezidentin qanunvericilik təşəbbüsü əsasında bu gün Milli Məclisdə qəbul olunan qanunu müsbət dəyərləndirir.
“Qərara münasibətim əladır. Sahibkarlığa kömək edir. Əhalini incitmək lazım deyil”.
“Bunu çoxdan gözləyirdik, çoxlu yoxlamalar olurdu, işləyə bilmirdik. Yoldan keçən gəlib bizi incidirdi. Xeyrimizi bilmirdik. Çox gözəl vaxtında verilmiş sərəncamdır”.
“Bu sərəncamı alqışlayıram. Nə qədər lazımdır vergi verək. Amma başqa kənardan müdaxilə olmasın, bizə tez-tez yoxlamalar gəlməsin. Hər yerdən gəlirlər. Hərəsi bir papka götürüb gəlirdi. Bu nədir olmaz belə şey. Məni çox incitdilər buna görə də yerlərimi verdim icarəyə”.
İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov deyir ki, lisenziyaların sayının kəskin azaldılması ilə bağlı fərman müvafiq prosedurların sadələşdirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur: “Dövlət təhlükəsizliyi halları istisna olmaqla lisenziyaların iqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq “ASAN xidmət”lər vasitəsi ilə verilməsi nəzərdə tutulub. Həmçinin fərmanla elektron lisenziya portalının yaradılmasının sürətləndirilməsi nəzərdə tutulub. Bunun nəticəsində lisenziyaların bilavasitə elektron resurslar vasitəsi ilə, sahibkarlıq subyektlərinin dövlət orqanlarına gəlmədən verilməsinə şərait yaradacaq. “ASAN xidmət” vasitəsi ilə təqdim olunan lisenziyalara müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyində baxılacaq. Lisenziya üçün təqdim olunan sənədlərdə problem yoxdursa, lisenziyalar hazırlanacaq və “ASAN xidmət” vasitəsi ilə sahibkarlıq subyektlərinə veriləcək”.
Elçin İbrahimov qeyd edib ki, Milli Məclis tərəfindən qəbul edilən qanunda bdövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirlərinin 2 il müddətinə dayandırılması nəzərdə tutulur: “Ümumilikdə yoxlamalar haqqında qanuna nəzər yetirsək görərik ki, yoxlamalar planlı və plandan kənar yoxlamalar olmaqla iki hissədə keçirilir. Planlı yoxlamalar demək olar ki, tamamilə dayandırılacaq. Plandan kənar yoxlamaların təyin olunması üçün qanunda 4 hal təsbit olunmuşdur. Yəni insanların həyat və sağlamlığının dövlət təhlükəsizliyinə ziyan vura bilən hallar aşkar olunarsa, bununla bağlı yoxlamaların keçirilməsi nəzərdə tutulur”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirlinin sözlərinə görə, artıq mərkəzin rəhbərliyi qəbul olunan qanunla bağlı bütün struktur bölmələrə müvafiq tapşırıqlar verib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyi rayonlardakı bütün struktur bölmələrə tapşırıq verib ki, planlı yoxlamalar dayandırılsın. “Sahibkarlıq haqqında” yeni qanun təsdiq olunana qədər bu gündən bütün planlı yoxlamalar dayandırılır. İnsanların sağlamlığı ilə bağlı zəruri hallar və sahibkarların özlərinin müraciət halları istisna təşkil edir. Tutaq ki, hansısa konsultasiya lazım olacaq. Yaxud hansısa sahibkar tərəfindən yoxlamaya ehtiyac olduğuna dair siqnal gəlib, yoxlamalar ancaq o hallarda həyata keçiriləcək”.
Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
mənbə :
lent.az