00:40 xeber – Qərb əmindir ki, Ukrayna, islahatları həyata keçirərək müasir və müstəqil dövlətə çevirilə bilər.
Lakin bu əzmkarlıq ölkənin heç bir yerində cənub Odessa regionundakı qədər aydın görünmür. Odessaya Gürcüstanın keçmiş prezidenti, Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi Mixail Saakaşvili başçılıq edir. BBC müxbiri Tom Burridge yazır ki, Saakaşvili burada korrupsiya üzərinə yürüşə başlayıb.
Sual: Londonun şəhərinin dələduzluqla mübarizə polisinin zabitini, Avropa İttifaqı sərhəd agentliyinin rəsmisini və Şotlandiyada doğulmuş biznesmeni nə birləşdirir?
Cavab: Onların üçü də Odessa şəhərində keçirilən Qara Dəniz İqtisadi Forumunun iştirakçılarıdır.
Bu həm də Ukraynanın hazırkı siyasi rəhbərliyinə Qərb dəstəyinin göstəricisidir. Bu forumda yerli biznesmen Yuri Qubankov da iştirak edib. O deyib ki, onun şəhərin gəlirli portunda yerləşən taxıl anbarında cinayət işi aparılanda gecələri yata bilməyib. Cənab Qubankov deyir ki, bu cinayət işi siyasi motivli olub. Çünki o, rəsmilərə rüşvət verməkdən istəmirdi.
İmic dəyişikliyi: Odessanın yeni inzibati ofis binası
O iddia edir ki, keçmiş prezident Viktor Yanukoviçin vaxtında vergi rəsmiləri, prokurorlar, məhkəmələr və polis yalnız bir istiqamətdə işləyib: biznesmenlərdən rüşvət almaq istiqamətində.
Yuri Qubankov 10 il Londonda yaşayıb və indi bir qrup beynəlxalq düşüncəli odessalı kimi o da, regionun yeni “od parçası” olan əcnəbi qubernatoru Mixail Saakaşvilini təqdir edir.
“Avropanın Kaliforniyası”
Ukraynanın hazırkı iqtisadi vəziyyətinə baxılarsa, bəziləri təşkilatçılardan Bate Toms-un nikbinliyinə heyrət edə bilərlər. Lakin Britaniya-Ukrayna Ticarət Palatasının Amerikada doğulmuş vəkil sədri inannır ki, Odessa “Şərqi və Mərkəzi Avropanın ən zəngin şəhərlərindən birinə çevrilmək” potensialına malikdir.
O düşünür ki, əkinçilik sahəsində Ukrayna özünün suvarma sistemi ilə “Avropanın Kaliforniyasına” çevrilə bilər. O həmçinin bu fikirdədir ki, Odessa portunda yenicə qurulmuş elektron rüsumlama sistemi nəinki təkcə rüşvətin qarşısını alacaq, həm də bu limandan yüklərin Rotterdam və Hamburq portlarındakı sürətlə keçişini təmin edəcək.
Bate Toms inanır ki, Odessa Mərkəzi və Şərqi Avropa ilə Asiya arasında tranzit məntəqəsi rolunu oynaya bilər.
Ya islahat, ya ölüm
Mixail Saakaşvili vəd edib ki, Odessa vilayətində korrupsiyanın kökünü kəsəcək
İndi isə Vladimir Putinin əzəli gürcü düşməni Mixail Saakaşvili bu regiona rəhbərlik edir və Odessa bir növ Rusiya ilə Qərbin Ukrayna üstündə çəkişməsinin cəbhə xətti kimi görünür.
Odessada bərq vuran və 20 yaşlarında şıq geyinmiş gənc qızlarla dolu inzibati ofis Saakaşvilinin nəzərində Ukraynanın gələcək simasıdır.
O seçicilərə vəd edib ki, onlar tezliklə burada bizneslərini qeydiyyatdan keçirmək və ya passport almaq üçün həftələrlə və aylarla yox, saatlar və günlərlə gözləməli olacaqlar.
Burada qismən Amerika hökuməti tərəfindən maliyyələşdirilən yeni elektron sistemi Saakaşvilinin fikrincə, Ukraynanın “1 nömrəli problem”i olan korrupsiya imkanlarının kökünü kəsəcək.
O inanır ki, iqtisadiyyatın belə bərbad vəziyyətində itiriləcək şeylər çox ola bilər. “Ya Ukrayna islah olunacaq, ya da bir dövlət kimi məhvə gedəcək”.
Superzəngin və supergüclü
Odessa Krımın işğalından sonra Ukrayna donanmasının əsas bazasıdır
Lakin Ukraynada varlı və qüdrətli insanların oliqarx adlanan sinfi var. Saakaşvili onlara “kölgə hökuməti” deyir.
Bu qeyri-dövlət strukturlarının varlığı radikal dövlət islahatlarını qaçılmaz edir.
Odessada da Ukraynanın başqa yerlərində olduğu kimi bu qüdrətli fərdlər keçmiş qvardiyaya bağlıdırlar. Sergey Kivalov Ukrayna parlamentində Yanukoviçin partiyasından millət vəkili olub. O hazırda şəhərdəki hüquq məktəbinin başçısıdır və iddia edir ki, Yanukoviçdən sonra korrupsiyanın səviyyəsi daha da qalxıb. Cənab Kivalovun özünə qarşı korrupsiya üzrə cinayət işi açılıb, lakin o ittihamları rədd edir.
Opponentləri onu həmçinin seçki fırıldağında ittiham edirlər. Yanukoviç 2004-cü ilin prezident seçkisində qalib gələndə, Mərkəzi Seçki Komissiyasının sədri elə Kivalov olub.
Antiputin mövqeyi
Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini bu yay Odessaya qubernator təyin edib və ona Ukrayna vətəndaşlığı verib. Onun bu addımının uğurlu olub-olmayacağını indidən demək çətindir.
2014-cü ilin mayında şəhərdə baş verən toqquşmalarda onlarca sakin ölmüşdü
Doğma vətəni Gürcüstanda Saakaşviliyə qarşı prezidentliyi dövründə səlahiyyətlərini aşması ittihamları ilə cinayət işi qaldırılıb. O həmçinin 2007-ci ildə Gürcüstan paytaxtı Tbilisidə etiraz aksiyasına qarşı zorakılıqda və televiziya kanalına basqında ittiham olunur. Onun tərəfdarları deyirlər ki, Saakaşvili sadəcə olaraq siyasi əcinnə ovunun qurbanıdır.
Odessa xəritədə
Lakin media ilə necə davranmağı bilən və 2008-ci ildə Gürcüstan prezidenti olarkən Putin Rusiyası ilə müharibə edən bu siyasətçi, indi Ukraynadakı yeni siyasi nizamın bir hissəsidir.
Ölkənin Vaşiqntondakı və Qərbdəki dəstəkçiləri bildirirlər ki, Ukrayna müharibənin əldən saldığı iqtisadiyyatı xilas etmək üçün xarici investorların etimadiını qazanmalıdır. Saakaşvilinin Odessada yerinə yetirdiyi islahat gündəliyi isə insanların həyatının yaxşılaşdırılması, regionun birləşdirilməsi və iqtisadiyyata təkan verilməsi sahəsində Ukrayna üçün sınaq olacaq.
mənbə :
anspress