17:20 xeber – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazindəki çatlar getdikcə böyüyür.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ərazi hər gün bir az daha qəzalı vəziyyətə düşür. Azəryolservisin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlayıblar. Havalar yağmurlu keçdikcə təhlükəli ərazidə yaranan çatlar daha da genişlənir.
Lakin ən diqqət çəkən məqam odur ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt töküblər.Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirlər.
Çatların üzəri asfaltlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev deyir ki, çatlar əmələ gələn yolları asfaltla doldurmaq çıxış yolu deyil və sürüşmənin qarşısını almır.
“Biz ərazidə müvafiq araşdırmalar apardıq və sürüşmənin Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarması səbəbindən baş verdiyini müəyyən etdik. Bu danılmaz faktdır ki, hazırda ərazi sürüşür.Həlli yolu da odur ki, ərazidə suvarma aparılması dayandırılmalı, çökən hissələr doldurularaq üzəri asfaltlanmalıdır. Bunlarla yanaşı ərazidə drenaj sistemləri yaradılmalıdır. Tərəfimizdən bütün bunları əhatə edən sənəd hazırlanıb və nazirliyə təqdim edilib.Qalır burada müvafiq qurumların fəaliyyəti”,-deyə Ələmdar Piriyev bildirdi.
Ərazinin sürüşməsindən ən çox əziyyət çəkən isə vətəndaşlardır.Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb. Sakinlər isə vağzala daxil olmaq üçün məcbur olub yaradılan barikadaların üzərindən keçməli olurlar ki, bu da insanların əziyyət çəkməsinə səbəb olur.
Dayanacağa giriş bu şəkildə məhdudlaşdırılıb
Amma hazırda qurumların qarşısında duran əsas məsələ ərazidə heç bir tələfat qeydə alınmadan təhlükə aradan qaldırılmasıdır.
İstinad divarı sökülür
Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi oktyabr ayının 7-də sürüşməyə başlayıb. Yağışlar davam edəcəyi təqdirdə isə sürüşmənin daha intensiv hal alacağı proqnozlaşdırılır.
mənbə :
anspress