İçeriğe geçmek için "Enter"a basın

“Vergi orqanlarında ixtisar gözlenilmir” – AÇIQLAMA

04-02-2015


04.02.2015 / 12:06 xeber –

İdarəetmə sisteminin səmərəliliyini artırmaq məqsədilə Vergilər Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə vergilər naziri Fazil Məmmədovun 26 dekabr əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilib. Həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti  yaradılıb. Departamentin əsasnaməsi, tərkib quruluşu, ştat vahidlərinin sayı və bölgüsü təsdiq edilib.

Ləğv edilmiş Departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış Departamentdə işlə təmin olunub. Bu zaman ixtisarlara yol verilməyib, əksinə Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib.

Əvvəllər Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləmiş, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinə keçirilib. 

Nazirlikdən o da bildirilib ki, yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.

Mənbə : Lent.az

“Vergi orqanlarında ixtisar gözlenilmir” – AÇIQLAMA