[r32] 
                23 Fevral, 2018  13:11 xeber – “Azərbaycan Dəmir Yolları” QSC-də Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayhardtın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə, görüşdə QSC sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar,  Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub,  Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında  açılış mərasimi olan Bakı-Tbilisi -Qars (BTQ) dəmiryolu bağlantısı  barədə ətraflı məlumat verib.
Fevralın 20-22-də Vyanada keçirilən “Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu haqqında danışan  C.Qurbanov  forum çərçivəsində avstriyalı həmkarlarla, Avstriya parlamentinin üzvü, Avstriya-Azərbaycan parlament qrupunun sədri ilə bir sıra səmərəli  görüşlərin keçirildiyini bildirib.
A.Rayhardt da bildirib ki, son illər Azərbaycanla Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr  genişlənir: “Avstriya tərəfi olaraq bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq”.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə Avstriyanın  Azərbaycandakı səfiri Aksel Vex, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb. 
mənbə : 
Report.az