22.01.2015 / 12:44 xeber –
Hadisəni törədən gənc həmin evə qonaq gəlibmiş
Bakının Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb. APA TV-nin məlumatına görə, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Seymur Məmməd oğlu Nəcəfov Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı seksual zorakı hərəkətlər edib. Azyaşlı A.Ə. müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib. Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Növbətçi həkim İbrahim Mirzəliyevin sözlərinə görə, azyaşlıya bıçaqla 3 xəsarət yetirilib.
Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
*****
11:34
Bakı şəhər Baş Polis İdarəsi Suraxanı rayonunda törədilmiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 19 radələrində X.Ələkbərov küçəsində Bakı şəhər sakini 2000-ci il təvəllüdlü A.Ə-yə şəxsi mübahisə zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən, qohumu 1990-cı il təvəllüdlü Seymur Nəcəfov tutulub.
Qeyd edək ki, yeniyetmə qızı bıçaqlayan 25 yaşlı oğlan onun xalası oğlu olub. Faktla bağlı araşdırmalar aparılır.
*****
10:43
Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Seymur Məmməd oğlu Nəcəfov xalasının 2001-ci il təvəllüdlü qızına (A.Ə) 3 bıçaq xəsarəti yetirib.
Qız ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanası yerləşdirilib.
Hadisəni törədən S. Nəcəfov tutulub.
Mənbə : Lent.az