İçeriğe geçmek için "Enter"a basın

“Dedilər səni Rusiyanın Xüsusi Xidmət orqanları axtarır” - İTTİHAM AKTINDAN

02-01-2017

[r32]

02.01.2017 / 12:23 xeber –

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı epizod məlum olub.

 

Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, Bakıda yerləşən Mərkəzi Univermaqda zərgərlik əşyalarının satışını həyata keçirən sahibkar Məlikov Elman Ağamirzə oğlu istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilib. O, ifadəsində  rəsmi qaydada vergi ödəyicisi kimi qeydiyyatda olmaqla 15 ildir ki, bu fəaliyyətlə məşğul olduğunu deyib: “Həmçinin son 6 ilə qədər qızıl məmulatlarını xammal şəklində xarici ölkələrdən gətirib istehsalı ilə məşğul oluram. Xaricdən gətirdiyim qızılı və brilliantla bəzədilmiş zinət məmulatlarını MUM-da öz şöbəmə gətirməklə satışını həyata keçirirdim.  2011-ci ilin yay aylarında MUM-da olan zaman özünü MTN-in işçisi kimi təqdim edən iki nəfər mənə yaxşınlaşdı. Dedilər bizimlə gəlməlisən. Birlikdə Natavan heykəlinin yaxınlığında sol tərəfdə yerləşən MTN-nin Səbail rayon şöbəsinə getdik. Həmin şöbədə məni boş otaqda otuzdurdular. Heç kim danışmırdı və məni gətirmiş iki nəfər şəxs də ordaydı. Təxminən 15-20 dəqiqədən sonra həmin vaxt tanımadığım, sonradan isə adının Fizuli Əliyev olduğunu bildiyim MTN-in idarə rəisi olduğum otağa gəldi. O, mənə dedi ki, mal satdığım şəxslərin Dağıstanda çeçen mücahidləri ilə əlaqələri var, guya mənimlə buna görə Rusiya Federasiyasının Xüsusi Xidmət orqanı maraqlanır. Başa düşdüm ki, bu, bəhanədir.  Çünki bilirdim ki, zərgərlik fəaliyyəti ilə rəsmi şəkildə məşğul olduğumdan istənilən şəxsə mal sata bilərdim. Fizuli Əliyevin sözündən belə başa düşdüm, bəhanə ilə məndən pul almaq istəyirlər. Çünki çeçen mücahidlərlə heç bir əlaqəm yox idi və ola da bilməzdi”.

 

Zərərçəkən şəxsin istintaqa verdiyi ifadəyə görə, Fizuli Əliyev bu mövzu çərçivəsində onun terrorçulara yardım etdiyini bəhanə edərək həbs etməklə hədələyib: “Danışdı, danışdı, axırda açıq bazara keçdi və məndən 150.000 ABŞ dolları pul tələb etdi. Verməyəcəyim halda məni həbs edəcəyi ilə hədələdi. Mən bu məbləğin həddən artıq çox olduğunu dedim, 100 min dollara razılığa gəldik. Məcbur qaldım, heç kimə də heç nə deyə bilmədim. İşə gəlib əlimdə olan qızılları satdım. 100.000 ABŞ dollarını düzəltdim və Fizuli Əliyevə zəng elədim. Pulu aparıb MTN-in Səbail rayon şöbəsində ona təqdim elədim. Həmin vaxt Fizuli Əliyevin yanında heç kim yox idi. Fizuli Əliyev pulu yanımda saymadı. Dedi ki, “telefonun var, sənə inanıram, yəqin ki, düz olar”. Həmçinin mənə dedi ki, bu gündən daha rahat işləyə bilərəm”.

 

Elman Məlikovun sözlərinə görə, 100 min dolları Füzuli Əliyevə verdikdən sonra bir neçə il onu heç kim narahat etməyib: “2013-cü ilin yay aylarında telefonuma zəng gəldi, tanımadığım biri özünü MTN əməkdaşı kimi təqdim edib, məni nazirliyə çağırdı. Sabahı gün səhər 10-da nazirliyə getdim. Zəng edən şəxs məni nazirliyin komendaturasında qarşılayıb, ikinci mərtəbəyə qaldırdı. Boş otağa girdik, həmin şəxs dedi ki, sənin Rusiyada olan mücahidlərlə əlaqən var. Başa düşdüm ki, yenə məndən pul qoparmaq istəyirlər. Başladı yenə məni həbslə hədələməyə. Sonra adətləri üzrə açıq bazara keçdilər. 50 min dollar pul tələb elədi. Pulun çox olduğunu, yalnız 20 min verə biləcəyimi dedim. Çünki qorxurdum. 20 min dollara razılaşdıq. Növbəti gün 10.000 ABŞ dolları, bir neçə gün sonra isə yenidən 10.000 ABŞ dolları pul düzəldib iki dəfəyə həmin şəxsə verdim. Pulu nazirliyinin qabağındakı dayancaqda təhvil vermişəm”.

 

İstintaq dövründə məlum olub ki, Fizuli Əliyevin təşəbbüsü ilə Məmmədov Zaur İbiş oğlunun tərtib etdiyi və Sübahir Qurbanovun imzaladığı  zərər çəkmiş şəxs Elman Məlikovun mobil telefon nömrələrinin dinlənilməsinə dair 30.04.2015-ci il tarixli 001740 nömrəli və Sübahir Qurbanovun imzaladığı 16.05.2015-ci il tarixli dair 002354 nömrəli tapşırıqların surəti ilə zərər çəkmiş şəxs Məlikov Elman Ağamirzə oğlunun telefon danışıqlarının mütəşəkkil dəstə üzvləri tərəfindən qanunsuz nəzarətə götürülərək hüquqları pozulmaqla dinlənilməsi tam təsdiq olunur.

 

Telefon nömrələrinin dinlənilməsinə dair tapşırıqların əsaslılığı yoxlanılarkən Səbail rayon Məhkəməsinin 04.08.2016-cı il tarixli 97 nömrəli məktubu ilə müəyyən olunub ki, həmin qulaqasmalar qanunsuz olaraq məhkəmə qərarları alınmadan həyata keçirilib.

mənbə :
lent.az

“Dediler seni Rusiyanın Xüsusi Xidmet orqanları axtarır” – İTTİHAM AKTINDAN