İçeriğe geçmek için "Enter"a basın

Nazirlikdən açıqlama – Nazirin çıxışı təhrif olunub?

27-02-2016

nazı
Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışına aydınlıq gətirib

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti mərhum İlhamə Quliyeva ilə vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının ağır faciəsi olan Xocalı soyqırımı haqqında danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Nazir bildirib ki, İlhamə Quliyeva Azərbaycanı, onun müstəqilliyini sevən, onu hər yerdə təbliğ edən bir incəsənət xadimi idi. Təəssüf edirik ki, sensasiya xətrinə bəzi kütləvi informasiya vasitələrində nazir tərəfindən səsləndirilən fikirlər ümumi kontekstdən çıxarılaraq başqa mənaya yönəldilib. Xocalı faciəsi zamani Vətən uğrunda canlarından keçən, erməni vandallarının soyqırımına məruz qalaraq ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucalan şəhidlərimizə və bu gündə son mənzilə yola salınan sənətkar İlhamə Quliyevaya Allahdan rəhmət diləyirik. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəsliyini bir daha hörmətlə anırıq”, deyə Vüqar Şıxəmmədov qeyd edib .

Xatırladaq ki, Ə.Qarayev vida mərasimindəki çıxışında bunları demişdi: “Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi. Xəbəri eşidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Mehriban xanım öz ailələri adından bütün sənətsevərlərə, mərhumun ailə üzvlərinə başsağlığı verdilər”.
Azadliq.az

Nazirlikdən açıqlama – Nazirin çıxışı təhrif olunub?