Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.
“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.
Etibar Əliyev Musavat.com-a açıqlamasında isə Mərkəzi Bankın belə bir qərarının olduğunu, bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.
Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən “Texnikabank”ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib.
Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası gözlənilir