İçeriğe geçmek için "Enter"a basın

“90-cı illərdə baş verən böhran da bu səviyyədə deyildi”

19-01-2016

elmanrustemovcixisMilli Məclisin növbədənkənar sessiyasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və iqtisadi inkişaf naziri Şahin Mustafayev də iştirak edib.

Spiker Oqtay Əsədov iclasda çıxış üçün Elman Rüstəmov da söz verib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Məni təəccübləndirmək çox çətindir. Amma bu günlərdə çox təəccübləndim. Çünki Avropa, Asiya, Amerikanın gündəlikləri üst-üstə düşür, bütün ölkələri iqtisadi çətinliklər narahat edir”, – deyə öz çıxışına başlayıb.

Daha sonra baş bankir deputatların suallarını cavablandırdı. E.Rüstəmov dedi ki, neftin qiymətinin 30 dollardan aşağı düşməsi nəticəsində faktiki olaraq, gəlirsiz işləyirik: “Bu gün 40 milyardlıq vəsaitimiz var, bu, çox böyük rəqəmdir. Bu vəsaitlə manevr etmək mümkündür. Amma bu vəziyyət nə qədər davam edəcək, bilinmir. Strateji ehtiyatlarımızla çox ehtiyatlı davranmalıyıq. 90-cı illərdə baş verən böhran da bu səviyyədə deyildi. Ona görə də biz ötən ilin fevralında manatla bağlı qərar verdik. Biz nə etməliydik, ehtiyatlarımızı da xərcləməli, oturmalı, sonra gedib, borclaramı düşməliydik? Fevraldan sonrakı 3 ay ərzində Mərkəzi Bank bazardan valyuta aldı. Ancaq sonrakı dönəmdə neft kəskin şəkildə aşağı düşdü. Deyirlər vaxt itirildi. Amma vaxt itirilmədi, biz gözləyirdik ki, vəziyyət dəyişəcək. Ancaq dekabrın 21-də manatla bağlı qərar verməyə məcbur olduq. Bu gün neftin qiyməti 148 dollar deyil. Manatın kursu bu gün əhəmiyyətli dərəcədə xarici faktorlardan asılıdır. Neftin dəyişən qiyməti və qonşularımızdakı devalvasiya bizə ciddi təsir edir”.

E.Rüstəmov özünün ünvanına səsləndirilən tənqidlərə də reaksiya verdi: “Cəmiyyət, xalq və dövlət qarşısında bu vəziyyətin məsuliyyətini də çox ciddi şəkildə dərk edirik. Bu vəziyyətdə gizlənmək mümkün deyil. Bu gün gizlənərsən, sabah o daha sərt şəkildə sənin qarşısına çıxacaq. Bu günlərdə 200-dən çox valyutadəyişmə məntəqəsi ləğv olundu. Biz bazara kifaət qədər valyuta veririk, hətta dünən bazara verdiyimiz valyutanın hamısı satılmadı. Vətəndaşlarımızı da sakitliyə çağırıram. Fevralda yaradılmış ajiotaj sonrakı proseslərə təsir etdi. Ciddi təlaş üçün heç bir əsas yoxdur. Saytlarda düzgün olmayan çağırışlar səsləndirilir, şayiələr yazırlar ki, guya manatın kursu 1-ə 5 dəyişəcək. Bunun heç bir əsası yoxdur. Iqtisadi komandada ciddi iş gedir”.

E.Rüstəmov dollarla olan kreditlərlə bağlı məsələyə baxıldığını dedi. Amma əhalinin böyük hissəsini maraqlandıran və deputatların da toxunduğu dollar kreditləri ilə bağlı konkret bir fikir söyləmədi: “Bu gün hökumətin gündəliyi kifayət qədər zəngindir. Bu məsələlərə də addım-addım baxılır. Hər şeyin vaxtı var”.

Bundan sonra gündəlikdəki məsələlər səsverməyə çıxarıldı və qəbul edildi.

“90-cı illərdə baş verən böhran da bu səviyyədə deyildi”