İçeriğe geçmek için "Enter"a basın

Ən qazanclı yatırım dollarmı, mənzilmi, yoxsa ticarətmi? – Ekspert rəyi

26-12-2015

man
Pulu hara yatırmaq olar: dollara, mənzilə, yoxsa ticarətə?
İkinci devalvasiyadan sonra investorlar yatırım etməyə çəkinirlər
Natiq Cəfərli: “Pullarını nağd şəkildə saxlamaq istəyənlər dollara yönəldəcəklər”

Rəşad Əliyev: “Hazırda ən risksiz strategiya çevik qısa müddətli strategiyadır”

Azərbaycan manatı “üzən məzənnə”yə keçəndən sonra dəyərini ilin əvvəli ilə müqayisədə 2 dəfə itirdi. Vətəndaşlar əllərindəki vəsaitlərini böhranın itkilərindən qorumaq üçün hansı aktivə yatırım etməlidir? Dollaramı, daşınmaz və daşınar əmlakamı, zinət əşyalarınamı? Yoxsa,ticarət və xidmət sektorunamı?

Mövcud situasiya onu deməyə əsas verir ki, əhali yalnız bir vasitədən istifadə edir: dollarla yığıma üstünlük verir. Bəlkə daha çox gəlir gətirəcək sahələr də var?

İqtisadçı-ekspert Natiq Cəfərli “Bizim Yol”a bildirdi ki, manatın 2 dəfə devalvasiyaya uğraması insanların milli valyutaya qarşı inamını sarsıdıb: “Vətəndaşların manata inamı o qədər sarsılıb ki, hər hansı bir sahəyə yatırım qoymaqdan da çəkinirlər. İstər daşınmaz əmlak, istər avtomobil, istərsə də qiymətli zinət əşyaları olsun- Azərbaycanda bu sahələrə yatırım etməyə qorxurlar. Gələcəkdə hansısa başqa proseslərin baş verməsindən, yəni onların dəyərdən düşməsindən ehtiyatlanırlar. Bunu son statistik məlumatlar da göstərir. Məsələn, Türkiyədə noyabr ayının statistikasına görə azərbaycanlılar ev alanlar arasında ilk beşliyə daxil olub. Deməli, vətəndaşlarımız yatırımlarını Azərbaycanda deyil, Türkiyədə etməyə üstünlük verirlər. Bu, hələ sonuncu devalvasiyadan öncə olan məlumatlardır”.

Ekspert deyir ki, ikinci devalvasiyadan sonra xarici ölkələrə yatırım edən azərbaycanlıların sayı arta bilər: “Azərbaycan əhalisinin sərbəst vəsaiti varsa, ölkədən kənarda, əsasən də Türkiyənin daşınmaz əmlak bazarına maraq göstərir. Bu, vəsaitlərin qorunması üçün yaxşı yollardan biridir.

Pullarını nağd şəkildə saxlamaq istəyənlər dollara yönəldəcəklər. Müvəqqəti olaraq avro və dollar arasında məzənnə savaşı gedir, dollar avro qarşısında 1 faiz ucuzlaşıb. Amma bu, müvəqqəti hal daşıyır. Çünki Amerikanın iqtisadiyyatı avrozonanın iqtisadiyyatından daha güclü inkişaf edir. Yaxın aylarda ABŞ dolları digər valyutalar qarşısında güclənməyə başlayacaq. Hətta gələn ilin ortalarından paritet yarana, 1 dollar 1 avroya bərabər ola bilər. Azərbaycan əhalisinin ən yaxşı tanıdığı valyuta dollar olduğuna görə, bu vəsaitdə yığımları da artacaq.

Beləliklə, xaricdə daşınmaz əmlaka yatırım, daxildə isə dollara yığım imkanlı vətəndaşların seçim yolları olacaq”.

N.Cəfərli hazırda daxili bazarda biznes və xidmət sektoruna investisiya edib, gəlir götürmək üçün əhalinin güvəninin azaldığını düşünür: “Bunun üçün hökumət müəyyən addımlar atmalı, biznes mühitini yaxşılaşdırmalıdır. Azərbaycanda iş qurmaq istəyən çoxlu sayda insanlar var. Və millətimiz bu sahədə çox bacarıqlıdır. Ölkədən xaricə çıxarkən, Rusiya, Qazaxıstan, Türkiyə, Amerika və sair ölkələrdə çox ciddi uğur qazanırlar, amma Azərbaycanda bunu bacarmırlar. Deməli, problem ölkənin iqtisadi mühitindədir. İqtisadi mühit liberallaşmalı, aktivləşməli, sadələşdirilməli, şəffaflaşdırılmalıdır. Korrupsiya aradan götürülməli, mülkiyyət toxunulmazlığı, azad və ədalətli məhkəmə sistemi təmin edilməlidir ki, iş adamlarının öz hüquqlarını qorumaqda çətinlik yaranmasın. Bütün bunlar olmadıqca nə yerli, nə də xarici investor Azərbaycanda iş qurmağa maraqlı olar. Dünyanın hər yerində belədir. Harada inhisarçılıq yoxdursa, qanunvericiliyin icrası güclüdürsə, kapital da ora qaçır”.

Daşınmaz əmlak üzrə mütəxəssis Rəşad Əliyev isə bildirir ki, ən cəlbedici aktiv dedikdə, bu, vətəndaşın strategiyasına baxır: “Qısamüddətli və uzunmüddətli strategiya qurmaq hələ ki tezdir. Buna görə də hazırda ən risksiz strategiya çevik qısamüddətli strategiyadır. Əhalinin çoxu da haqlı olaraq bu yolu seçib”.

Onun sözlərinə görə, hazırda ən etibarlı aktiv dollardı, çünki ən azından onun sahibi heç nə itirməyəcək: “Daşınmaz əmlak çox qeyri-müəyyəndir, çünki bazardakı hazırki vəziyyətdən məlumat azdır. Əmlak bazarındakı məlumatlar ancaq müəyyən müddətdən sonra üzə çıxacaq. Bazarın gələcək hərəkət istiqamətini demək üçün qərək məlumat olsun. Bilək ki, qiymətlərin özü nə səviyyədədir. Hətta manat aktiv kimi hazırda – devalvasiyadan sonra əmlakdan daha cəlbedici görsənir. Ən azı ona görə ki, o likviddir. İstənilən halda manat ya dollara çevrilə, ya da əmlaka yönəldilə bilər. Ancaq 1 aydan sonra çox şey dəyişə bilər”.

Vüsalə RÜSTƏMOVA

Ən qazanclı yatırım dollarmı, mənzilmi, yoxsa ticarətmi? – Ekspert rəyi