İçeriğe geçmek için "Enter"a basın

İş adamı: Akif Çovdarov başıma tapança dirədi.

01-12-2015

tapanca
İfşa olunmuş generalın müflis etdiyi iş adamı sensasiyalı açıqlamalar verdi
“Sabiq idarə rəisi Akif Çovdarov məni görən kimi üstümə qışqırdı, əxlaqsız söyüşlər söyməyə başladı. Məni asacağını, içəri saldıracağını, lazım gəlsə, şantaj edib üzümə durduracağını, bütün əmlakımı satdıracağını və istədiyi məbləği mütləq alacağını bildirdi. Baş verənlərdən şokda idim…”
Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun əməlləri barədə danışan iş adamı Roman Səfərov deyib.
İş adamının söylədiklərindən belə məlum olub ki, 2010-cu ildə İrandan olan Cəfər adlı mühəndislə ona məxsus “SR” MMC arasında istixanaların quraşdırılması və istifadəyə verilməsi ilə bağlı anlaşma olub. Həmin vaxtlar Akif Çovdarov adlı şəxs “SR” şirkətinin Bakı şəhəri, Təbriz küçəsi, 116-da yerləşən ofisinə gələrək özünə məxsus 5 hektar ərazidə istixananın qurulması üçün sifariş verib.

«…5 hektarlıq ərazidə istixananın quraşdırılaraq istifadəyə verilməsi 3 milyon 78 min manat olmaqla razılaşdıq. “SR” MMC və “Bəhrə 2010” MMC arasında müqavilə bağladıq”.
R.Səfərov 2011-ci ilin fevral ayında İspaniyaya gedib, danışıqlar aparıb və 1 milyon 250 min avro qiymətində müqavilə imzaladıqdan sonra geri qayıdıb.

İspaniyadan qayıdandan sonra Akif Çovdarovla görüşərək bütün olanları ona anladıb, sənədləri göstərib. A.Çovdarov isə imzalanmış müqavilədə istixana adının yazıldığı üçün gömrük orqanlarında dövlət rüsumunun qiymətinin çox olacağını deyib.

R.Səfərovun sözlərinə görə, az pul ödəmək məqsədilə istixananı başqa adla, yəni adi metal konstruksiyası adı ilə ölkəyə gətizdirib. Beləliklə A.Çovdarov və yaxınları istixananaya aid olan malları qanunsuz yollarla Azərbaycana gətirməklə 1 milyona yaxın məbləği gömrükdən gizlətməyə nail olub.

R.Səfərov deyir ki, işin təhvil verilməsinə 10 gün qalmış 5-6 nəfər maskalı şəxslərin ofisə gəlib onu axtardıqlarını öyrənib. Dərhal A.Çovdarova zəng vurub məsələni aydınlaşdırmaq istəyib: “Dedi ki, telefonuma cavab vermədiyinə görə sənin başına torba keçirib gətirmək istəyirdim. Dedim ki, maskalı göndərməyə ehtiyac yoxdur, hara desən, özüm gəlirəm. Milli Təhlükəsizlik Nazirliyinə getdim, qalxdım otağına. Qapını döyüb içəri keçdim. Məni görən kimi qışqırdı, asacağını dedi. İçəri saldıracağı, üzümə adam durduracağı, öldürəcəyi ilə hədələdi. Bir il ərzində daim məni izlədiyini dedi və 1 milyon 500 min manat tələb etdi.

Baş verənlərdən şok vəziyyətində idim. Dedim, nəyə görə mən bu məbləğdə pul verməliyəm. O da cavabında dedi ki, sənin hər şeyini, bütün var-yoxunu, əmlaklını satdıracağam, səni içəri saldıracağam və səndən dediyim məbləğdə pulu mütləq alacağam. Dedim ki, imzalanmış müqavilə üzrə sifariş edilmiş işlər hamısı tam yekunlaşıb, sən bütün bunları mənə 1.100.000 (bir milyon yüz min) manat məbləğində pulu ödəməmək məqsədi ilə edirsənmi?

O da cavabında bildirdi ki, həmin pulu yadından çıxart, sən mənə əlavə 1 milyon 500 min ödəyəcəksən”.

İş adamının sözlərinə görə, A.Çovdarov onun başına tapança dayayıb, onu ölümlə təhdid edib, ev-eşiyini əlindən alacağı ilə hədələyib: “Dedi ki, “Texnikabank”da həyat yoldaşımın adına 60 min manat pul var, onu çıxart gətir. Bir də “Range Rover” markalı maşının, oğlunun adına “BMW” markalı avtomobil var, onları təcili sat, gətir mənim pulumu sabah çatdır.

Yoldaşımın adına olan “Texnikabank”dakı 60 000 manatı iki gün ərzində ona verdim. Daha sonra özümə və oğluma məxsus minik maşınlarını dəyər-dəyməzinə, ucuz qiymətə sataraq yerdə qalan 50.000 manat pulu düzəldərək Telmanın vasitəsilə Covdarova verdim. Ondan qorxduğum üçün heç hüquq-mühafizə orqanına da şikayət etmədim. Özümə məxsus şirkətin fəaliyyətini də qeyd olunan səbəblərdən dayandırdım, özüm də, şirkət də müflis olduq, istixanalara aid işlərdən tam uzaqlaşdım”.
İş adamı qətl, banditizm, vətəndaşların qanunsuz həbsi və s. kimi ağır cinayətlərdə ittiham olunaraq həbs edilən MTN-in keçmiş idarə rəisi Akif Çovdarovun əməlləri barədə Baş Prokurorluğa müraciət edib.

İş adamı: Akif Çovdarov başıma tapança dirədi.